Həm həkim çatışmır, həm də işdən çıxarırlar - NİYƏ?


Son illər bölgələrdə mövcud problemlərdən biri də həkim çatışmazlığı ilə bağlıdır.

Azərbaycan Tibb Universitetini və ya tibb təhsilini xaricdə alan həkimlərin əksəriyyəti isə əsasən Bakıda fəaliyyət göstərən xəstəxanalarda çalışmaq istəyir. Nəticədə isə bölgələrdə həkim çatışmır.

Bu da bir faktdır ki, hazırda bölgələrin bir qismində Sovet dövründə mövcud olan həkim məntəqəsi belə yoxdur. Hətta TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov öz açıqlamasında bildirmişdi ki, "Əksər rayonlarda həkim çatışmazlığı müşahidə olunur. Bu, təkcə Azərbaycanda deyil, demək olar ki, bütün dünyada mövcud olan problemdir.

Həkimlərin yetişdirilməsi uzunmüddətli bir prosesdir və bu səbəbdən ölkədə, xüsusən də regionlarda bu çətinlik hiss olunur. Bu problemi aradan qaldırmaq məqsədilə “Mental Klinika” layihəsi həyata keçirilir. Layihə çərçivəsində ilin sonuna qədər elə bir sahə qalmayacaq ki, orada hər hansı ixtisas üzrə həkim çatışmazlığı mövcud olsun".

Bununla yanaşı digər bir maraqlı fakt isə odur ki, bugünlərdə bölgələrdəki TƏBİB tabeli tibb müəssisələrində fəaliyyət göstərən stomatoloqlar ixtisarlara etiraz etmişdilər.

Təxminən yüzə yaxın həkim müxtəlif rayon və kəndlərdən gələrək bu qərara etiraz ediblər. Onlar bölgələrdə həkim, xüsusilə, stomatoloqların çatışmazlığını qeyd edərək verilən qərarın ədalətsiz olduğunu vurğulayıblar.

Bölgələrdə onsuzda həkim sayının az olduğu vaxtda bu proses həmin sahədə problemlərin yaranmasına gətirib çıxarmayacaqmı? Peşəsi həkim olan şəxslər nə etməlidir, hansı sahədə çalışmalıdır?

Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "Cebheinfo.az"-a bildirib ki, əslində heç bir peşəni dəyişməyə ehtiyac yoxdur:

“Hesab edirəm ki, Azərbaycanda tibb kadrları çatışmır. Əgər tibb kadrlarının hansısa yerdə artıqlığı varsa, onlara yaxın bölgələrdə məhz tibb sahəsində başqa iş təklif etmək olar. Yəni hansısa həll yolu mümkündür.

Həkim peşəsini niyə dəyişməlidir? Bu qədər müddət oxuyub, dövlət ona xərc çəkib. Digər tərəfdən, məsələn, stomotoloqlar hansısa gəlirlər əldə edibsə, onlar sadəcə vergi verməlidirlər. Burada leqal gəlirlərdən söhbət gedir.

Yaxud hansısa formada onun tənzimləməsini həyata keçirmək olardı, nəinki onları işdən çıxarmaq. Düşünürəm ki, biz bu məsələdə diqqətli olmalıyıq. Elə əvvəlki illərdə də 65 yaşı tamam olan həkimləri kütləvi pensiyaya göndərdilər. Biz xeyli həkim itirdik. Bölgələrdə də həkim çatışmır. Paradoksa baxın.

Yəni bir tərəfdən ölkədə adambaşına düşən həkim sayı azalmağa doğru gedir, ölkədən kütləvi həkim axını var. Digər tərəfdən də yerli həkimlərə qarşı bu cür münasibət var. Bu məntiqə sığmır. Hesab edirəm ki, bu cür həssas məsələlərdə diqqətli olmaq lazımdır”.


MANŞET XƏBƏRLƏRİ