İranda baş verən son etirazlara münasibət bildirən prezident Məsud Pezeşkian ölkədəki mövcud vəziyyətlə bağlı açıq etiraflar edib.
Turkustan.az xəbər verir ki, Pezeşkian çıxışında etirazların əsassız olmadığını vurğulayaraq bildirib ki, hazırda İranda su qıtlığı, yüksək inflyasiya və dərin iqtisadi problemlər mövcuddur və bunları gizlətmək mümkün deyil.
Prezident qeyd edib ki, seçkiqabağı əsas vədlərindən biri məhz iqtisadiyyatın yaxşılaşdırılması olub, lakin görülən tədbirlərin yetərli olmadığını açıq şəkildə qəbul edib. Onun sözlərinə görə, hökumətin fəaliyyəti cəmiyyətin gözləntilərini doğrultmayıb və insanların narazılığı obyektiv səbəblərə əsaslanır.
Pezeşkian Daxili İşlər Nazirliyinə xüsusi göstəriş verdiyini də açıqlayıb. O, təhlükəsizlik qüvvələrinin vətəndaşların dinc etiraz hüququna mane olmamasını və aksiyalar zamanı zorakılığa yol verilməməsini tələb edib.
Bununla yanaşı, prezident SEPAH-a da açıq xəbərdarlıq ünvanlayıb. Pezeşkian hərbi və təhlükəsizlik strukturlarını vəziyyəti daha da gərginləşdirə biləcək sərt addımlardan çəkinməyə çağırıb və ölkədə sabitliyin qorunmasının vacibliyini vurğulayıb. /musavat.com/