Noyabrın 19-da Türkiyədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında keçirilməli olan görüş ləğv edilib.
Turkustan.az xəbər verir ki, Bəbu barədə "The Economist" nəşrinin jurnalisti Oliver Karrol məlumat yayıb.
Jurnalistin sözlərinə görə, Uitkoff görüşə razılıq verərkən onu hansı miqyasda qalmaqalın gözlədiyini ehtimal etməyib.
Ukraynanın “Babel” nəşrinə danışan iki mənbə bildirib ki, Yermak Londona uçub və orada Ukraynanın Böyük Britaniyadakı səfiri, keçmiş Baş Qərargah rəisi Valeri Zalujnı ilə görüş keçirəcək.
Müxalif “Qolos” partiyasından olan deputat Yaroslav Jelejnyak isə iddia edib ki, Prezident Aparatının rəhbəri Zelenski ilə birlikdə 20 noyabrda Ukraynaya qayıtmalı idi. Lakin parlament mənbələrinə görə, Yermak həmin vaxt ölkədə olmayacaq və 21 noyabrda Romada yeni görüşü nəzərdə tutulub.
Bu arada “Xalqın Xidmətçisi” fraksiyasından deputat Fedor Venislavski Yermakın istefasını tələb edib. O, “Azadlıq Radiosu”na müsahibəsində bildirib ki, fraksiya daxilində “Yermakın getməli olduğu” barədə ciddi müzakirələr gedir, amma son qərar Zelenskiyə məxsusdur.
Deputatın fikrincə, Yermakın istefası hökumət ətrafında yaranmış gərginliyi azalda bilər:
“Mən prezidentdən istefa tələb etməmişəm, amma hesab edirəm ki, Yermakın getməsi hökumətə qarşı ajotajı azalda bilər. Çünki kabinetin formalaşmasında Prezident Aparatının təsiri böyük olub".
Venislavskinin sözlərinə görə, Yermakın istefası barədə danışılmasına səbəb Milli Antikorrupsiya Bürosunun (NABU) sızmış audioyazılarında “Əli Baba” kod adı ilə qeyd olunan şəxsin Yermak olduğuna dair yayılan məlumatlardır.
Rəsmi təsdiq olmasa da, bu iddialar Ukrayna siyasi gündəmində ciddi rezonans yaradıb və Prezident Aparatının rəhbərinin gələcək taleyi ilə bağlı sualları artırıb. /modern.az/