Kreml Ermənistanda “taxıl müharibəsi”nə başladı


“Azərbaycan vasitəsilə Ermənistana göndərilən Qazaxıstan taxılının bir hissəsi araq istehsalında, qalan hissəsi isə mal-qara yemi kimi istifadə olunub”.

“Hraparak” qəzeti belə yazıb. Adıçəkilən nəşr bildirir ki, iş adamı Samvel Aleksanyanı Qazaxıstandan Azərbaycan vasitəsilə Ermənistana taxıl idxal etməyə məcbur ediblər. “Hraparak”da dərc olunan məqaləyə görə, taxıl idxalından sonra Ermənistanın Baş naziri Nikol Paşinyan bunu özəl bir şirkətin təşəbbüsü kimi qələmə verərək məsələdən “əlini çəkməyə” çalışıb. Hökumət sərhədlərin açılmasını yalnız danışıqlar yolu ilə təmin edib.

“Məlumdur ki, keyfiyyətsiz taxıl Aleksanyana məxsus Baqramyan Un Dəyirmanı şirkəti tərəfindən sifariş edilib. Şirkətin rəhbərlərindən biri nəşrə bildirib ki, Ermənistan hökuməti onlara öz PR məqsədləri üçün onu idxal etməyi əmr edib. İqtisadiyyat naziri Gevork Papoyanın bəzi insanların artıq bu undan bişirilmiş çörək yediyini iddia eməsinə baxmayaraq, 15 ton taxıl heç vaxt üyüdülməyib.

Əslində, taxılın bir hissəsi araq istehsalında, qalan hissəsi isə mal-qara yemi kimi istifadə olunub. “Sputnik Ermənistan” şirkətin direktoru Vladimir Qasparyanla bir neçə dəfə əlaqə saxlamağa çalışıb. Qasparyan zəngə bir dəfə cavab verib, amma dərhal telefonu söndürüb. Bundan öncə Ermənistan İqtisadiyyat Nazirliyi Rusiyadan gələn taxılın yüksək keyfiyyətli, Qazaxıstandan gələn taxılın isə IV sinifli olduğunu bildirmişdi.

“Bu, heyvan yemi emalı üçün nəzərdə tutulmuş taxıldır və ondan etil spirti də istehsal olunur”,-deyə “Hraparak” yazır. Qeyd edək ki, Ermənistanın Qazaxıstandan taxıl idxal etməsindən sonra bu məsələ ətrafında Rusiyanın informasiya müharibəsinə başlaması müşahidə olunur. Ötən həftə Rusiya Xarici Kəşfiyyat Xidməti Ermənistanın Ukraynadan baha qiymətə taxıl almaq istədiyinə dair məlumat yayıb.

Məlumatda Ermənistanın bu addımı taxıl və ərzaq buğdası idxalında Rusiyadan asılılığı azaltmaq məqsədilə atdığı bildirilir. Ermənistanın Azərbaycandan keçməklə Qazaxıstandan taxıl almasından bir neçə gün sonra Rusiya Xarici Kəşfiyyat Xidmətinin sözügedən xəbəri yayması rəsmi Moskvanın narazılığının ifadəsi idi.

Yəni Ermənistanın taxıla olan tələbatı ödəmək üçün alternativ mənbələr axtarışı Rusiyanın etirazına səbəb olub. Ona görə də Rusiya Ermənistanın taxılın diversifikasiyası qərarını Ukrayna ilə əlaqələndirməklə bunu düşmənə xidmət etmək kimi təqdim etməyə çalışır. “Hraparak” da daxil olmaqla, Ermənistanda revanşist müxalifətə yaxın olan media qurumları Azərbaycan üzərindən gətirilən taxılın keyfiyyətsiz olduğunu, ərzaq istehlakına yaramadığına dair iddialar irəli sürür.

Xüsusilə də bu məlumatın əsas mənbələrindən biri kimi “Sputnik Armenia”-nın adının çəkilməsi sifarişin Moskvadan gəldiyini deməyə əsas verir. Rusiya əslində, Ermənistanla Azərbaycan arasında yüklərin tranzitinin doğuracağı yeni geosiyasi və geoiqtisadi nəticələrdən narahatdır. Yəni Azərbaycan və Ermənistan arasında nəqliyyat-kommunikasiya vasitələrinin açılması regionda sülhün bərqərar olmasına təkan verə bilər.

Bu isə Rusiyanın Cənubi Qafqazda təsirinin azalmasına gətirib çıxarar. Bölgədə sülhün yaranması və kommunikasiyaların blokdan açılması Ermənistanın Azərbaycan üzərindən Mərkəsi Asiyaya, qərb istiqamətində isə Türkiyə bazarlarına çıxışını təmin edəcək.

Üstəlik, Zəngəzur dəhlizinin açılması ilə Ermənistan tranzit gəlirlərindən xeyli vəsait əldə edəcək. Bu isə Ermənistanın Rusiyanın iqtisadi asılılığından çıxması, Türkiyə vasitəsilə Avropaya inteqrasiyasına şərait yaradacaq. Ona görə də Rusiya Ermənistanın Qazaxıstandan aldığı taxılın keyfiyyətsiz olduğuna dair informasiya müharibəsi aparır. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ