Korrupsiya istintaqı çərçivəsində vəzifəsindən uzaqlaşdırılaraq həbs edilən İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu onun seçki kampaniyasının rəhbəri Necati Özkan və jurnalist Merdan Yanardağ barəsində “casusluq” ittihamı ilə istintaq başladılıb.
Turkustan.az xəbər verir ki, jurnalist Merdan Yanardağ nəzarətə alınıb.
“Casusluq” araşdırması xəbərlərindən sonra Əkrəm İmamoğlu “X” sosial platformasında Prezidentliyə Namizəd Ofisi hesabından açıqlama yayıb. O, paylaşımında bildirib:
“Belə böhtan, yalan, sui-qəsd şeytanın ağlına belə gəlməz! Sözlə ifadə oluna bilməyəcək qədər utancverici bir əxlaqsızlıqla qarşı-qarşıyayıq. Bu necə bir ambisiya, necə bir güc ehtirası, necə bir qorxu və acizlikdir? Bu sevimli xalqı fitnə-fəsadla inandırmaqmı istəyirsiniz? Casusluq kimi anlaşılmaz böhtan — əziz millətim, bu gün ədliyyə vasitəsilə həyata keçirilən əməliyyatlar Türkiyə Cümhuriyyəti, soylu Türk Ədliyyəsi və 86 milyon vətəndaşımız üçün böyük və tarixi bir təhlükəyə çevrilib.”
İstintaq materiallarında qeyd olunur ki, Gün adlı şəxslə Əkrəm İmamoğlunun seçki kampaniyasının rəhbəri Necati Özkan arasında eyni ünsiyyət proqramı vasitəsilə yazışmalarda “rəqəmsal kəşfiyyat toplama”, “işdə nəzərə alınacaq məsələlər” və “70 min könüllünün aktivləşdirilməsinin təcili ehtiyacı” kimi ifadələr yer alıb.
Araşdırma orqanları bu yazışmalarda “uzaqdan daxil olan casus proqram”dan istifadənin mümkünlüyünü qiymətləndirib və Hüseyn Günün Necati Özkan üzərində iyerarxik üstünlüyə sahib olduğunu, “cinayət təşkilatı”nda idarəçi kimi fəaliyyət göstərdiyini iddia edib.
Aytən Yaşar/ Turkustan.az