İki ölkə 13 ildən sonra ilk ortaq təlimə başladı


Türkiyə və Misir arasında 13 illik fasilədən sonra Şərqi Aralıq dənizində ilk birgə hərbi təlim – "Türkiyə-Misir Dostluq Dənizi Dəniz Əməliyyatı Xüsusi Təlimi" bu gün başlayıb.

Turkustan.az xəbər verir ki, təlimin məqsədi iki ölkə arasında ikitərəfli münasibətləri inkişaf etdirmək və qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaqdır.

Təlimin keçirildiyi bir vaxtda bölgədə diqqət çəkən digər bir hadisə isə Barak MX hava hücumundan müdafiə sisteminin İsraildən Cənubi Kipr Rum Administrasiyasına (CKRA) göndərilməsidir. Omega TV və Cyprus News kimi CKRA mənbələrinin məlumatına görə, sistem Limassol limanı vasitəsilə adaya çatdırılıb.

CKRA, Şərqi Aralıq dənizindəki yurisdiksiya iddialarını legitimləşdirmək məqsədilə beynəlxalq enerji şirkətləri vasitəsilə bölgədə karbohidrogen axtarış və hasilat fəaliyyətlərini davam etdirir. Bu fəaliyyətlər, bölgədəki digər aktorların, xüsusilə Türkiyənin sərt reaksiyasına səbəb olur.

CKRA həmçinin, mümkün gərginlik vəziyyətində özünə dəstək təmin etmək üçün hərbi müqavilələri olan dövlətləri və ticari əlaqədə olduğu enerji şirkətlərinin mənşə ölkələrini prosesə cəlb etməyə çalışır.

Hazırda bölgədə karbohidrogen kəşfiyyatı və qazma fəaliyyəti ilə məşğul olan şirkətlər arasında İtaliya (Eni), Fransa (Total), ABŞ (Chevron), Böyük Britaniya (BP), Cənubi Koreya (KOGAS), İsrail (Delek) və Qətər (Qatar Petroleum) kimi beynəlxalq enerji nəhəngləri yer alır. Yunanıstan da CKRA ilə paralel mövqe sərgiləyərək bölgədəki fəaliyyəti dəstəkləyir.

Türkiyənin regionda artan diplomatik və hərbi fəallığı, xüsusilə Misirlə yenidən istiləşən münasibətlər fonunda, Şərqi Aralıq dənizində qüvvələr balansının yenidən formalaşmasına səbəb ola bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ