Oktyabrın 1-də Ermənistanın Sünik vilayətinin Şəki qəsəbəsində Azərbaycan hərbçisi Nəsimi Musayevin saxlanılması ilə nəticələnən insident İrəvanda gözlənilməz siyasi və təhlükəsizlik böhranına çevrilib.
Ermənistanın rəsmi məlumatına görə, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti sentyabrın 29-da hərbi hissədən icazəsiz ayrılan hərbçi barədə Ermənistan tərəfinə məlumat verib və onun Ermənistan sərhədini qanunsuz keçməsi ehtimalını istisna etməyib. İki ölkənin aidiyyəti qurumları bundan sonra axtarış tədbirlərinə başlayıblar. Oktyabrın 1-də isə Musayevin Şaki qəsəbəsində bir evə daxil olduğu və aşkarlandıqdan sonra guya atəş açdığı bildirilib. İddia olunur ki, guya hadisə nəticəsində yerli sakin yaralanıb, onun iki övladı isə xəsarət alıb. Elə həmin gün Musayev saxlanılıb və Ermənistan məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Hadisə ilk gündən Ermənistan mediasında Azərbaycan əleyhinə sərt ritorika ilə təqdim olunmağa başlayıb. İnsidentin ayrı-ayrı erməni siyasi və media dairələri tərəfindən Azərbaycanın guya sərhəd bölgəsində “təhlükə mənbəyi” olması barədə uydurma təbliğat başlayıb. Bu insidentdən Paşinyan hakimiyyətinə qarşı da istifadə edilir. Ermənistanın sərhəd təhlükəsizliyi sistemində boşluqları üzə çıxardığı daha çox müzakirə olunur.
Ermənistan hakimiyyətinin sərhədi qorumaq qabiliyyəti, təhlükəsizlik strukturlarının koordinasiyası və hadisəyə reaksiyanın operativliyi sual altına düşüb.
Oktyabrın 5-də Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə Milli Təhlükəsizlik Xidmətinin direktor müavini, general-mayor David Sanamyan vəzifəsindən azad edilib. Sanamyanın əsas məsuliyyət istiqamətlərindən biri MTX-yə tabe olan sərhəd qoşunlarının fəaliyyətinin koordinasiyası idi. Onun istefasının rəsmi səbəbi açıqlanmasa da, Ermənistan mediası qərarı sərhəd insidenti ilə əlaqələndirir.
Daha maraqlısı isə bundan sonrakı ehtimallardır.
Ermənistanın “Hraparak” nəşrinin yazdığına görə, Şakidəki hadisə ilə bağlı yol verilən nöqsanlar yalnız MTX-nin fəaliyyəti ilə məhdudlaşmır. Nəşrin mənbələri bütün hüquq-mühafizə və güc strukturlarının, o cümlədən Müdafiə Nazirliyinin məsuliyyətinin də araşdırıldığını bildirir. İddia olunur ki, sərhəd pozuntusu barədə məlumatdan sonra ərazi dərhal mühasirəyə alınmalı, müəyyən radiusda axtarış aparılmalı və yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri vaxtında xəbərdar edilməli idi. Mənbələrin iddiasına görə, yaxın günlərdə Müdafiə Nazirliyində və hadisəyə lazımi reaksiya vermədiyi hesab olunan digər güc strukturlarında da istefalar baş verə bilər. Beləliklə, erməni tərəfinin Azərbaycana qarşı siyasi və informasiya müstəvisində istifadə etməyə çalışdığı insident artıq İrəvanın özündə hakimiyyət üçün ciddi təhlükəsizlik suallarına çevrilir.
Başqa sözlə, Azərbaycan əsgərinin Ermənistan ərazisinə keçməsi faktı İrəvanda yalnız Bakı əleyhinə ritorikanı gücləndirməyib. Eyni zamanda Paşinyan hökumətinin sərhəd təhlükəsizliyini necə təmin etdiyi barədə sualları da gündəmə gətirib.
Bu isə Ermənistan üçün kifayət qədər ciddi paradoks yaradır: Azərbaycana qarşı istifadə edilmək istənilən hadisə nəticə etibarilə Ermənistanın təhlükəsizlik sistemindəki boşluqları üzə çıxarıb və ilk yüksək vəzifəli məmurun vəzifədən getməsinə səbəb olub./Musavat.com