Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti 30 Avqust - Zəfər Bayramının 104-cü ildönümü münasibətilə Anıtqəbiri ziyarət edib.
Turkustan.az Türkiyə mətbuatına istinadla bildirir ki, rəsmi mərasim dövlət nümayəndə heyətinin Aslanlı Yolda yürüşü ilə başlayıb.
Prezident Ərdoğan Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məqbərəsi önünə əklil qoyub. Daha sonra bir dəqiqəlik sükut elan olunub və Türkiyənin İstiqlal Marşı səsləndirilib.
Ərdoğan və dövlət protokolunda yer alan nümayəndələr bundan sonra Milli Pakt Qülləsinə keçiblər. Prezident burada Anıtqəbirin Xatirə Kitabını imzalayıb və kitabda yer alan müraciətini səsləndirib.
Ərdoğanın müraciətində İsrailin Suriyaya yönəlik hücumları və baş nazir Benyamin Netanyahunun Türkiyəni hədəf alan açıqlamalarına işarə edilib. Prezident ad çəkmədən Netanyahuya sərt mesaj verib.
Ərdoğan Xatirə Kitabına bu sözləri yazıb:
“Bu gün millət olaraq Böyük Zəfərin 104-cü ildönümünü bir daha qürurla qeyd edirik.
Milli mübarizənin dönüş nöqtələrindən biri olan Böyük Zəfərin qazanılmasında əməyi keçən, başda Zati-aliniz olmaqla, Böyük Millət Məclisimizin dəyərli üzvlərini və qəhrəman ordumuzun igid əsgərlərini minnətdarlıqla yad edirik.
Şəhid və qazilərimizin müqəddəs əmanəti kimi gördüyümüz Türkiyə Cümhuriyyətini onlardan bizə miras qalan irsin yol göstərdiyi istiqamətdə, qardaşlıq və həmrəylik ruhu ilə hər sahədə gücləndirməyə davam edirik.
104 il əvvəl olduğu kimi, bu gün də ölkəmizi və coğrafiyamızı hədəf alan mənfur planlara imkan vermir, millətimizin istiqlalına və gələcəyinə qətiyyətlə sahib çıxırıq.
Ruhun şad olsun!”




/Musavat.com