İpoteka kreditlərindən imtinaların əsas səbəbi vətəndaşların mənfi kredit tarixçəsi və ödəmə qabiliyyətinin müəyyən edilmiş tələblərə cavab verməməsidir.
Turkustan.az xəbər verir ki, bunu “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyət istiqamətləri üzrə tətbiq edilən mexanizmlər” mövzusunda keçirilən təlimdə İpoteka və Kredit Zəmanət Fondunun baş meneceri Rasim Abdullayev bildirib.
O vurğulayıb ki, ipoteka kreditləri yalnız qanunvericilikdə nəzərdə tutulmuş meyarlar əsasında verilir və vətəndaşlara qərəzli səbəblərlə imtina olunması faktı yoxdur:
“İpoteka krediti bank məhsuludur və hər müraciət edən şəxs bu imkandan yararlana bilmir. Banklar uzunmüddətli kredit olduğu üçün riskləri nəzərə alaraq yalnız sabit gəliri və ödəmə qabiliyyəti olan vətəndaşlara kredit ayırırlar. Əsas imtina səbəbi mənfi kredit tarixçəsinin olmasıdır. Bundan başqa, bəzi vətəndaşlar müraciət zamanı gəlirlərini düzgün bəyan etmirlər. Gəlirlərin hesablanması Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əsasən yoxlanılır və qərar həmin meyarlar əsasında qəbul edilir”.
R.Abdullayev bildirib ki, bütün müraciətlər elektron sistem vasitəsilə izlənilir və Fond prosesə tam nəzarət edir:
“İpoteka kreditləri Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş qaydalara uyğun verilir. Başqa hər hansı səbəbə görə imtina olunmur. Tam əminliklə deyə bilərik ki, hazırda vətəndaşlara qərəzli məqsədlərlə ipoteka kreditindən imtina edilməsi faktları yoxdur. Banklar artıq tam şəffaf fəaliyyət göstərirlər. Elektron sistem vasitəsilə Fond müraciətin daxil olduğu andan prosesə nəzarət edir. Bu da hər hansı manipulyasiya imkanlarını aradan qaldırır”.
Baş menecer onu da əlavə edib ki, daxil olan ipoteka müraciətlərinin təxminən 40–50 faizi müsbət cavablandırılır:
“Fonda daxil olan müraciətlərin təxminən 40-50 faizi müsbət cavablandırılır. Əvvəlki illərlə müqayisədə bu göstərici yüksəlib. İmtina qərarları yalnız real faktlar və qanunvericilikdə müəyyən edilmiş meyarlar əsasında verilir”.