"Journal of Studies on Alcohol and Drugs" jurnalında dərc olunmuş yeni bir araşdırmaya görə, yetkinlər gündə bir qədəhdən çox standart spirtli içki qəbul etməməlidirlər.
Turkustan.az xəbər verir ki, bu nəticəyə beynəlxalq alimlər qrupu gəlib və onların tövsiyələri kişilər üçün gündə iki, qadınlar üçün isə bir içkiyə icazə verən əvvəlki ABŞ pəhriz qaydalarından fərqlənir.
ABŞ federal pəhriz qaydalarının son versiyası daha az spesifik yanaşma tətbiq edir və amerikalıları daha yaxşı sağlamlıq naminə spirtli içki istehlakını azaltmağa çağırır. Lakin tədqiqatın müəllifləri hesab edirlər ki, insanların məlumatlı qərarlar qəbul etməsi üçün aydın kəmiyyət qaydalarına ehtiyacı var.
Alimlər spirtli içki istehlakı ilə sağlamlıq arasındakı əlaqəni araşdıran 56 sistematik icmalı təhlil ediblər, sonra bu məlumatları ABŞ-də ölüm statistikası ilə müqayisə olunub. Nəticələr göstərib ki, həftədə 6,5-dən çox standart içki qəbul edən kişilər və yeddidən çox içki qəbul edən qadınlar spirtli içki ilə əlaqəli xəstəlik və ya xəsarətlə daha çox qarşılaşırlar. Əgər həftədə 8,5 porsdan çox içirsinizsə, risk artır. Həftədə 14 pors içki içdikdə, alkoqol ilə əlaqəli xəstəlik və ya zədədən ölmə riski təxminən 25-də birdir.
Tədqiqat, həmçinin aşkar edib ki, alkoqol istehlakı qaraciyər sirrozu, bir sıra xərçəng növləri - kişilərdə və qadınlarda ağız boşluğu, udlaq, qırtlaq, qida borusu, yoğun bağırsaq və qaraciyər xərçəngi və qadınlarda döş xərçəngi – eləcə də müxtəlif xəsarətlərdən ölüm riskini artırır.
Eyni zamanda, orta dərəcədə alkoqol istehlakı koronar ürək xəstəliyi və işemik insultdan ölüm riskinin azalması ilə əlaqələndirilib. Lakin bu potensial qoruyucu təsir bəzən çoxlu içki qəbul etməklə faktiki olaraq yox olur.
Tədqiqat müəlliflərinin fikrincə, xəsarətlərdən, xərçəngdən və digər xəstəliklərdən yaranan kümülatif zərər ürək-damar sisteminə potensial faydalardan xeyli çoxdur. Tədqiqatçılar vurğulayırlar ki, alkoqolun sağlamlığa faydalı olması fikri hələ də geniş yayılmış bir mif olaraq qalır.
Mütəxəssislər qeyd edirlər ki, fərdi risk şəxsi və ailə tibbi tarixçəsindən asılıdır. Lakin əksər böyüklər üçün alkoqol istehlakını gündə bir standart içki ilə məhdudlaşdırmaq daha təhlükəsiz bir təlimatdır.
Məlumat üçün qeyd edək ki, bir standart spirtli içki porsu təxminən 14 qram təmiz spirt ehtiva edir ki, bu da təxminən 350 ml pivə, 150 ml şərab və ya 45 ml spirtli içkiyə bərabərdir. /Cebheinfo.az/