ABŞ Prezidenti Donald Tramp Tehran rəsmi Vaşinqtonun təklif etdiyi yeni sazişi imzalamaqdan imtina edəcəyi təqdirdə, İranın bütün infrastrukturunu yerlə-yeksan edəcəyi ilə hədələyib.
Turkustan.az xəbər verir ki, "ABC News" telekanalına geniş müsahibə verən Ağ Ev rəhbəri regionda gərginliyi pik həddə çatdıracaq şərtlərini açıqlayıb.
Tramp müsahibəsində bildirib ki, Tehran rəhbərliyi ağıllı davranmasa, ABŞ radikal addımlar atmağa məcbur olacaq:
"Əgər insanlar axmaqlıq etməyə davam etsələr, biz bütöv bir ölkənin bütün infrastrukturunu məhv etmək məcburiyyətində qalacağımız bir vəziyyətə gələcəyik. Mən bunun yaxşı bir şey olduğunu düşünmürəm, çünki sonra kim isə onu yenidən bərpa etməli olacaq".
ABŞ liderinin hesablamalarına görə, İranın dağıdılacaq körpülərini, sənaye obyektlərini və elektrik stansiyalarını yenidən qurmaq təxminən 1 trilyon dollara başa gələcək və bu maliyyələşmədə böyük ehtimalla elə ABŞ-ın özü iştirak edəcək.
Jurnalistin "Bu proses İkinci Dünya müharibəsindən sonra Avropaya yönələn “Marşall planı”na bənzəyəcəkmi?" sualına Tramp qətiyyətlə "Bəli" cavabını verib, lakin dərhal ABŞ-ın əsas şərtini əlavə edib: "Amma bunun müqabilində biz onların neftinin yarısını ələ keçirəcəyik".
Bununla belə, ABŞ Prezidenti İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpa olunmasının Vaşinqton üçün olduqca baha başa gələcəyini və strateji əhəmiyyətli Hörmüz boğazının aylarla qapanmasına səbəb olacağını etiraf edib.
Ətrafındakı bəzi şəxslərin onu müharibəyə təhrik etdiyini gizlətməyən Tramp "Mənim ən yaxın dostlarımdan bəziləri bombardmanlara yenidən başlamağımı istəyirlər, lakin onlar reallığı başa düşmürlər", – deyərək hərbi avantüralardan hələlik çəkindiyini sətiraltı ifadə edib./Bizim.Media