Türkiyədə CHP-nin qurultay prosesi ilə bağlı məhkəmənin verdiyi tam etibarsızlıq qərarından sonra partiyadaxili gərginlik davam edir.
Turkustan.az xəbər verir ki, qərarla yenidən sədr postuna qayıdan Kamal Kılıçdaroğlu partiya qərargahında keçirdiyi toplantıda sərt açıqlamalar verərək korrupsiyaya qarşı mübarizə aparacağını bildirib.
Kılıçdaroğlu çıxışında partiya daxilində səsləndirilən korrupsiya və nümayəndələrin pulla yönləndirilməsi iddialarına toxunaraq, məsul şəxslərin cəzalandırılacağını vurğulayıb.
"Partiyanı korrupsiyadan təmizləyəcəyik. Korrupsiyaya bulaşan hər kəs barədə tədbir görüləcək. Bu prosesi başladan və partiyanı bu vəziyyətə gətirən şəxslər cavab verəcəklər", – deyə o bildirib.
Bu açıqlamalardan sonra Ankara siyasi kulislərində CHP-də genişmiqyaslı intizam tədbirlərinin görüləcəyi ilə bağlı iddialar yayılıb.
Jurnalist Sinan Burhanın tv100 kanalında səsləndirdiyi məlumata görə, partiyadan uzaqlaşdırılması gündəmdə olan şəxslər arasında Vəli Ağbaba, Ali Mahir Başarır, Umut Akdoğan, Burhanəddin Bulut, Gökhan Zeybek, Taşkın Özer, Özgür Karabat, Adnan Beker, Cemal Enginyurt və Ümit Dikbayırın adları çəkilir.
Qeyd edək ki, sözügedən siyahı rəsmi şəkildə təsdiqlənməyib və hazırda yalnız siyasi dairələrdə səsləndirilən iddia xarakterli məlumat kimi qiymətləndirilir.
Aytən Yaşar/ Turkustan.az