Ölkədə ötən il 95 min abort halının qeydə alınması reproduktiv sağlamlıq göstəricilərini yenidən gündəmə gətirib. Nəzərə alaq ki, abort yalnız seçim kimi deyil, bəzi tibbi hallarda zəruri müdaxilə kimi də tətbiq olunur – dölün ağır inkişaf problemləri, hamiləliyin ananın həyatı üçün risk yaratması və ya davam etdirilməsinin tibbi baxımdan mümkün olmadığı vəziyyətlər bu kateqoriyaya daxildir. Rəqəmlər isə burada planlaşdırılmamış hamiləliklərin və müxtəlif sosial-tibbi səbəblərin də rol oynadığını göstərir.
Abort tibbi müdaxilə olsa da, onun tez-tez təkrarlanması və ya nəzarətsiz şəkildə aparılması müəyyən sağlamlıq riskləri yarada bilir.
Qadınlar daha çox hansı səbəblərlə həkimə müraciət edir və bu prosedurun mümkün fəsadları nələrdir?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan ginekoloq dr. Təranə Əzizova bildirir ki, Azərbaycanda doğuş və abort saylarının bir-birinə yaxın olmasında bir neçə sosial, iqtisadi və psixoloji faktorlar var:
“Əsas səbəblərdən biri ailələrin maddi vəziyyətidir. Yaşamaq, təhsil almaq və qidalanmaq xərcləri artıb. Çox ailə bir uşaqla kifayətlənir, ikinci uşağı dünyaya gətirməyə çəkinirlər. Çünki uşağın böyüdülməsi, təhsili və digər ehtiyaclarının qarşılanması ciddi maliyyə yükü tələb edir.
Digər mühüm amillərdən biri isə selektiv abortlardır. Bu, cəmiyyətdə oğlan uşağına üstünlük verilməsi ilə bağlıdır. Bəzi ailələr bir və ya iki qız övladından sonra növbəti hamiləlikdə uşağın cinsiyyətini müəyyənləşdirir və qız uşağı olduğu halda aborta müraciət edirlər. Bu tendensiya gələcəkdə ölkənin demoqrafik balansına mənfi təsir göstərə bilər. 20-30 ildən sonra kişi və qadın nisbətində ciddi fərqlər yaranacaq.
Nəticələrinə gəldikdə isə abort zamanı uşaqlığın zədələnməsi, sonsuzluq, ağır sağlamlıq problemləri, hətta ana ölümü riski mövcuddur. Bəzən gənc qadınlar əvvəlcədən müayinədən keçmədiklərinə görə hamiləlik dövründə ciddi ağırlaşmalarla üzləşirlər. Xüsusilə böyrək xəstəlikləri, yüksək təzyiq, preeklampsiya kimi problemlər ana və döl üçün təhlükə yarada, hətta bəzi hallarda qaraciyər çatışmazlığı və ana ölümü ilə nəticələnə bilər. Hər bir abort qadının reproduktiv sağlamlığına mənfi təsir göstərir”.
T.Əzizovanın sözlərinə görə, abort çox təhlükəli üsullardan biridir və ciddi fəsadlara səbəb ola bilər. Bəs profilaktikası üçün hansı qorunma üsulları effektivdir və hamiləliyin sonlandırılması üçün müraciət edən qadınlara risklər barədə öncədən xəbərdarlıq edilirmi?
“Arzuolunmaz hamiləliklərin qarşısının qorunma vasitələri ilə alınması daha məqsədəuyğundur. Hazırda Azərbaycanda ən geniş yayılan qorunma üsullarından biri uşaqlıqdaxili spiraldır. Bu üsul həm istifadəsinin rahatlığı, həm də maddi baxımdan əlçatan olması səbəbindən üstünlük təşkil edir. Hormonal preparatlar isə həm qiymət həm də müntəzəm qəbul tələb etməsi baxımından qadınlar üçün çətinlik yarada bilir.
Təbii ki, qadınlara abortun riskləri barədə məlumat verilir. Xüsusilə ikinci hamiləliyin pozulmamasını tövsiyə edirik. Çünki bəzi hallarda sonradan hamilə qalmaq mümkün olmur. Lakin son qərar qadının özünə məxsusdur”- deyə, ginekoloq vurğulayıb.
Mütəxəssis qadınlara ilk növbədə öz sağlamlıqlarını qorumağı tövsiyə edir:
“Sağlam anadan sağlam uşaq doğulur. Buna görə qadın ana olmazdan əvvəl mütləq tibbi müayinədən keçməlidir. Mövcud infeksiyalar, böyrək və digər daxili orqan xəstəlikləri vaxtında aşkar olunmalı, yalnız bundan sonra hamiləlik planlaşdırılmalıdır”.
Xatırladaq ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən 2025-ci ildə ölkə üzrə 95117 abort qeydə alınıb.
Statistikaya görə, abort etdirənlərin 27498-i 30-34 yaş, 26329-u 25-29 yaş, 22811-i isə 35 və yuxarı yaş qrupuna daxildir.
Qeyd olunub ki, 20-24 yaş qrupunda 15235, 18-19 yaş qrupunda 3178, 15-17 yaş qrupunda isə 66 abort qeydə alınıb.