ABŞ dövlət katibi Marko Rubio İsrailin Qəzza zolağının 70 faizini nəzarətə götürməsi ilə bağlı planın Prezident Donald Trampın irəli sürdüyü 20 maddəlik sülh təşəbbüsünün tərkib hissəsi olmadığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Rubio bu barədə Nümayəndələr Palatasının müvafiq alt komitəsində 2027-ci maliyyə ili üçün büdcə müzakirələri zamanı çıxışı zamanı danışıb.
Demokrat konqresmen Roza DeLauro İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzza zolağının 70 faizinin “müsadirə olunması” ilə bağlı açıqlamalarına münasibət bildirməsini istəyib. Buna cavab olaraq Rubio bildirib ki, Vaşinqtonun təqdim etdiyi plan belə bir addımı nəzərdə tutmur.
“Bizim bir planımız var və həmin plan belə bir şeyi ehtiva etmir” – deyə, ABŞ dövlət katibi vurğulayıb.
Rubio əlavə edib ki, Netanyahunun səsləndirdiyi fikirlər ABŞ administrasiyasının mövqeyini əks etdirmir: “O, bu açıqlamanı verib, lakin bu, bizim planın bir hissəsi deyil”.
Beləliklə, ABŞ administrasiyası İsrail rəhbərliyinin Qəzza ilə bağlı bəzi təşəbbüslərinin Trampın irəli sürdüyü sülh planından kənarda olduğunu açıq şəkildə bəyan edib.
Aytən Yaşar/ Turkustan.az