Britaniyanın nüfuzlu “The Guardian” qəzetində dərc olunan təhlildə ABŞ və İran arasında davam edən danışıqların uğurla nəticələnməsi üçün İsrailin Baş naziri Benyamin Netanyahunun yaratdığı “maneənin” aradan qaldırılmasının vacib olduğu bildirilib.
Turkustan.az xəbər verir ki, məqalədə Netanyahunun yaxın dövrdə siyasi gələcəyini təhlükə altına qoya biləcək seçkilərlə üz-üzə qala biləcəyi də vurğulanıb.
ABŞ və İsrailin fevralın 28-də İrana qarşı həyata keçirdiyi hücumlardan sonra aprelin 17-də əldə olunan müvəqqəti atəşkəs qüvvədə qalır. Vaşinqton və Tehran arasında danışıqlar davam etsə də, bölgədə gərginlik zaman-zaman yenidən artır.
Danışıqların gedişi ilə bağlı tərəflərdən fərqli və bəzən ziddiyyətli açıqlamalar səsləndirilərkən, “The Guardian”ın təhlilində İsrailin Baş naziri Benyamin Netanyahunun mümkün sülh razılaşmasının əldə olunmasına maneə yaradan əsas fiqurlardan biri olduğu qeyd edilir.
Məqalədə həmçinin vurğulanır ki, İsrailin Livandakı hərbi əməliyyatları və Hörmüz boğazının yenidən açılması ilə bağlı müzakirələr danışıqlar prosesinin əsas mübahisə mövzularından birinə çevrilib. Bu məsələlərin eyni zamanda ABŞ prezidenti Donald Tramp ilə Netanyahu arasında uzun illərdir davam edən siyasi müttəfiqliyi də ciddi sınaq qarşısında qoyduğu bildirilir.
Aytən Yaşar/ Turkustan.az