Azərbaycanda gəncin babasının tabutu qarşısında saz çalması ilə bağlı görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Turkustan.az xəbər verir ki, hadisə Tovuz rayonunda baş verib.
Bildirilir ki, rayon sakini olan yaşlı kişi sağlığında vəsiyyət edib ki, son mənzilə saz havası altında yola salınsın.
Mərhumun bu arzusunu onun oğlan nəvəsi yerinə yetirib. O, babasının tabutu önündə saz çalaraq onu son mənzilə yola salıb. Həmin anları əks etdirən görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb və müxtəlif reaksiyalar doğurub.
Bəs İslam vəsiyyətə necə baxır? Dinimizə görə, istənilən vəsiyyət mütləq icra edilməlidir, yoxsa istisnalar var? İcra edilməyən vəsiyyətə görə yaxın qohumlara günah düşürmü?
Dini mənbələrdə qeyd edilir ki, ölənin vəsiyyətini eşidib dəyişdirənlər və ya yerinə yetirməyənlər günahkardırlar. Bu isə o deməkdir ki, icra olunmayan vəsiyyət dini və əxlaqi məsuliyyət yarada bilər — xüsusilə də əgər vəsiyyət şəriət qaydalarına uyğun, pislik və ya zərər məqsədi daşımayan bir niyyətlə edilmişdirsə. Bəzi ilahiyyatçılar qeyd edirlər ki, insan öz dəfn mərasimi, kəfən, qəbir yerləşimi və digər mənəvi göstərişlərini də vəsiyyət olaraq bildirə bilər. Bu cür göstərişlər şəriətə uyğun olduqda varislər tərəfindən hörmətlə yerinə yetirilməlidir.

İlahiyyatçı Ağa Hacıbəyli Musavat.com-a deyib ki, İslam dininin ölümə, qəbirə, axirətə özəl bir baxışı var:
“Biz müsəlmanıq, yaşadığımız bir həyatın sonunda Allaha hesab verəcəyik. Bütün bunları nəzərə alaraq qeyd etmək istərdim ki, insanın bu dünyadan köçərkən onun vəsiyyət deyilən bir haqqı var. Həmin insanın etdiyi vəsiyyəti övladları, nəvələri, nəticələri, qohum-əqrəba yerinə yetirməklə mükəlləfdir. Lakin bir şərtlə ki, həmin vəsiyyət dini dəyərlərə, dini fiqhi qaydalara uyğun olsun. Açığı, söyləyək ki, dinimizin ritualları içərisində ölümü, ölən adamı musiqi ilə yad etmək və yaxud hər hansı bir hava altında dəfn etmək prinsipi yoxdur. Əslində insanlar vəfat edərkən Quran sədaları altında dua edərək, o insana kədərlənərək, onun axirətdə bağışlanmasını diləyərək, tövbə və istixbar kəlmələrini dilə gətirərək yad edərlər, dəfn edərlər. Əslində, musiqinin mərasimlərdə istifadə olunması məsələnin şou xarakteri alması deməkdir və dini cəhətdən bəyənilmir, təqdir olunmur. Ona görə də, belə vəsiyyətlər edilərsə – məsələn, mən vəfat edəndə məni fərqli bir musiqi havası ilə, saz və ya digər alətlərlə yad etmək – bu cür vəsiyyət qəbul edilmir və yerinə yetirilmir. Lakin burada bir müəmmalı məqam var: əgər insan müsəlman deyilsə və dini təyinatlı dəfn istəmirsə, o şəxslər öz istəklərinə görə dəfn olunmaqda azaddırlar. Dünyada bunun bir çox nümunələri mövcuddur – yandırılanlar, fərqli mərasimlərlə dəfn olunanlar və s. Bu hallar İslam dininə, dinimizin prinsiplərinə uyğun olmayan haldır”.