“Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov oğurluq etdiyini etiraf edib.
Turkustan.az xəbər verir ki, bu barədə o, “Kanal S”ə müsahibəsində danışıb.
“Heç vaxt bunu gizlətməmişəm. Böyük oğurluqlar da olub. Desəm, bəlkə də dəhşətə gələrsiniz. Məsələn, dəvə oğurlamışam. O vaxtlar cavan idim, dəvələrə baxırdım, otarırdım. Bir gün dəvələrimi oğurladılar. Mən də dedim ki, başqa yolum yoxdur, məni tutacaqlar. Atıma minib üç-dörd sutka yol getdim. Yolda qarşıma dəvələr çıxdı, onları götürüb öz dəvələrimin yerinə apardım. 3 dəvə oğurlamışam”.
İş adamı daha böyük oğurluq hadisələrindən də söz açıb:
“Sovet dövründə dəmir yolu idarəsində işləyən adamlarla münasibətlərim var idi. Onlarla müəyyən razılaşmalar edirdim. Hərəsinə maşın hədiyyə edirdim. Elə olurdu ki, Ermənistandan keçən hansı vaqon xoşuma gəlirdisə, deyirdim ki, 30 vaqonu yığın bir tərəfə. Rayondan 2–3 nəfərlə Ukraynaya, Rusiyaya gedirdim. Onlara da bildirirdim ki, malları oradan alıb satıram. Xam camaat da inanırdı. Şərurda rayon prokuroru, bütün polislərlə də tanışlığım var idi, aramız yaxşı olub. Camaat arasında söz yayırdım ki, guya Rusiyadan mənim 30 vaqon malım gələcək. Amma əslində o vaqonlarda oğurluq mallar olurdu. Polislər də otururdu, vaqonları onların gözünün qabağında düzürdüm, mallarımın gəlməsinə sevinirdilər”.