Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Xaçmaz Rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin xüsusi dəstəyi və "Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə Xaçmaz rayon Heydər Əliyev Mərkəzində "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib.
Tədbirdə rayon ictimaiyyəti, şəhid ailələri, qazilər, gənclər iştirak edirdi. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşəbbüsü ilə "BAYFİLM" MMC-nin istehsal etdiyi "MİSSİYA" bədii qısametrajlı film nümayiş olundu.
Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Bu gün xalqımız milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu tarixi qələbəni yüksək səviyyədə qeyd edir. 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğul və qızlarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq isə tarixdə əbədi qalacaq. Şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını belə əsirgəməmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edirik. Azərbaycan xalqının Zəfəri, qələbəmiz əbədidir və bizim bayrağımız hər zaman zirvələrdə dalğalanacaqdır.




