Ölənin adamları “qanpulu” tələb edə bilərmi? - “1 milyon manatdan artıq olmayan məbləğ...”


“Cinayət Məcəlləsinin 72-73-cü maddələrində göstərilib ki, bir sıra kateqoriya cinayətlərdə ziyanın ödənilməsi barışıq cinayət məsuliyyətindən azad edir. Qətl həmin kateqoriyaya daxil deyil”.

Bu sözləri “Yeni Sabah”a vəkil Toğrul Məmmədov deyib.

Onun sözlərinə görə, dələduzluq kimi daha çox iqtisadi fəaliyyət sahəsində baş verən cinayətlərdə ziyanın ödənilməsi ilə cinayət məsuliyyətinə xitam verilir:

“Lakin bu qayda yalnız bir dəfə tətbiq olunur. Yəni şəxs əgər birinci dəfə qarşı tərəfə vurduğu maddi zərəri ödəyərsə, cinayət məsuliyyətindən azad olunur. Amma eyni əməli ikinci dəfə törətdikdə, artıq zərərin ödənilməsi ilə canını qurtara bilmir, mütləq şəkildə məhkum olunur”.

Vəkil vurğulayıb ki, vurulmuş ziyanın məbləğindən asılı olaraq, dövlətə də ödəniş edilir:

“Yəni dəymiş ziyan xeyli miqarda olarsa, dövlətə əlavə olaraq həmin məbləğin 25 faizi, külli miqdarda olarsa, 50 faizə qədərini dövlətə ödəyir.

Cinayət Məcəlləsinin 178-ci maddəsinin 3 bəndi var. 1-ci bəndində dələduzluq törətmiş şəxs ancaq zərərçəkənə dəymiş zərəri ödəyirsə, cinayətə xitam verilir. 2-ci bəndinə görə, zərərçəkmiş dəymiş ziyanı ödəyir və əlavə olaraq dövlətə də 25 faiz ödəyir. 178.3-cü bənddə isə dövlətə əlavə olaraq, zərərin 50 faizi həcmində ödəniş edilir”.

Qeyd edək ki, qanunvericiliyə görə, "xeyli miqdar" dedikdə 200 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan məbləğ, "külli miqdar" dedikdə 500 min manatdan yuxarı, lakin 1 milyon manatdan artıq olmayan məbləğ, "xüsusilə külli miqdar" dedikdə isə 1 milyon manatdan yuxarı olan məbləğ başa düşülür.

Xatırladaq ki, bu yaxınlarda 1 nömrəli Şəhər Klinik Xəstəxanasının həkimi Azər Maqsudovun məhkəməsi ictimaiyyət arasında xeyli müzakirə və suallar doğurub. Arif Acaloğlunun maşınla vurub öldürdüyünə görə mühakimə olunmuş tanınmış həkim prosesdə qarşı tərəfin tələblərini səsləndirmişdi:

"Mərhumun 3, 7, 40 mərasimlərinə getdik. Lakin bizi qovdular, iştirak etməyimizi istəmədilər. Mərhumun qardaşı ilə barışığa getdik. Notariusa getmək üçün vaxt müəyyən etdik. Lakin bir-iki gün sonra bildirdilər ki, mərhumun həyat yoldaşı Şevda xanım barışığa razı deyil və nümayəndəsi danışacaq. Onlar əvvəlcə bizdən Bakı şəhərində 2 ədəd 2 otaqlı mənzil istədilər. Sonra 400 min manat, 250 min manat, sonda isə 125 min manat istədilər. Lakin biz 45 min manat təklif etdik.

Himayəmdə 2 azyaşlı var. Həmin azyaşlılardan biri l qrup əlildir. Sonra mülki iddia yenidən 400 min manat oldu. Mən aliməm, stomatoloq, ginekoloq deyiləm. Mediada tez-tez ixtisasımla bağlı çıxış edirəm, deyə tanınıram. Bu mülki iddianı yerinə yetirə bilmirəm".

Bu məhkəmə işi ilə bağlı müzakirələrdə səslənən iradlardan biri CM-də "qanpulu" anlayışı olmadığı halda zərərçəkən tərəfin maddi ödəniş tələb etməsi idi.


MANŞET XƏBƏRLƏRİ