“ABŞ-ın təklif etdiyi sülh planında qeyd olunur ki, Rusiya Donbasa nəzarət müqabilində Kiyevə “icarə haqqı” ödəyə bilər. Yəni faktiki olaraq “torpaq qarşılığında pul” sxemi tətbiq ediləcək. Bununla belə, Ukraynanın suverenliyi formal olaraq pozulmayacaq”.
Tukustan.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Mənbələrin məlumatına görə, Ukrayna Donbas üzərində hüquqi mülkiyyətini saxlayacaq, yəni xəritəyə əsasən bura Ukraynanın olacaq. Əraziyə nəzarət müqabilində isə Moskva torpaq vergisi ödəyəcək:
“Bu, Ukraynanın öz torpaqlarına çıxışı itirməsi ilə bağlı zərərin kompensasiyası kimi nəzərdə tutulur. İcarə məbləği açıqlanmır. Ukrayna Konstitusiyasına görə, ərazi verilməsi məsələsi ümumxalq səsverməsinə çıxarılmalıdır. Ancaq “icarə müqaviləsi” halında belə bir tələb yoxdur. Vaşinqton Ukrayna Prezidenti Volodimir Zelenskidən ABŞ sülh planına razılıq verməsini tələb edir”.
“ABŞ-ın Avropa müttəfiqləri şikayətlənirlər ki, onları bu sülh planının hazırlanması barədə məlumatlandırmayıblar. 28 bəndlik plan Ukraynadan ciddi güzəştlər tələb edir — o cümlədən ordunun məhdudlaşdırılması və böyük ərazilərdən imtina.
Avropada əsas narahatlıq ərazi güzəştləridir. Onların fikrincə, bu, Moskvanı “stimullaşdırır” və təhlükəli presedent yaradır. Narahatlıq həm də ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun şəxsiyyəti ilə bağlıdır”, – deyə qeyd edilib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə sülh prosesinin çətin bir mərhələ oluğunu bildirib. Onun sözlərinə görə, Rusiya atəşkəsdən əvvəl əraziləri almaq istəyir:
“Biz isə deyirik ki, əvvəlcə atəşkəs olmalıdır. Sonra qalan məsələləri danışa bilərik”.
Bununla belə, Zelenski əvvəllər Ukraynanın keçmiş əraziləri ilə bağlı kompromisi mümkün saymışdı. O, müharibənin sonsuz davam edə bilməyəcəyini qeyd edərək bəzi ərazilərin Rusiyanın nəzarətində qalmasının məcburi seçim ola biləcəyini açıqlamışdı.
Eyni zamanda Zelenski bildirir ki, Ukraynanın 1991-ci il sərhədlərinə qayıtması tələbindən imtina etmir./Globalinfo.az