Trampın qalmaqallı "Sülh Planı": Donbas Rusiyaya verilir - Ukrayna razılaşacaq? -ŞƏRH


ABŞ prezidenti Donald Tramp Rusiya–Ukrayna müharibəsinin dayandırılması ilə bağlı hazırladığı 28 bəndlik yeni sülh planını yenidən gündəmə gətirib və bu addım həm Vaşinqtonda, həm də Avropada böyük rezonans doğurub.

Mediaya sızan məlumatlara görə, plan bölgədə atəşkəsin əldə olunması, təhlükəsizlik zəmanətlərinin müəyyənləşdirilməsi və tərəflər arasında uzunmüddətli siyasi razılaşmanın qurulmasını hədəfləsə də, içində yer alan bir sıra maddələr o cümlədən Donbasın Rusiyaya “icarəyə verilməsi”, Ukrayna ordusunun məhdudlaşdırılması və bəzi strateji silahlardan imtina kimi şərtlər geniş müzakirələrə səbəb olub. Trampın komandasının Rusiya rəsmiləri və bəzi ukraynalı nümayəndələrlə təmaslar apardığı iddiaları isə planı daha da mübahisəli edir və onun həyata keçmə ehtimalı ətrafında suallar yaradır.

Maraqlıdır görəsən, Trampın irəli sürdüyü sülh planı Ukrayna və Rusiya tərəfindən qəbul olunacaqmı? Donbasın Rusiyaya icarəyə verilməsi təklifi Moskvanın maraqlarına uyğun hesab edilə bilərmi? Turkustan.az olaraq bu sualları politoloq Məhəmməd Əsədullazadəyə ünvanladıq.

Məhəmməd Əsədullazadə:

Məhəmməd Əsədullazadə

Donald Trampın üç ay sonra yenidən sülh planı irəli sürməsi bir sıra suallar doğurur. Halbuki, Alyaska görüşündən sonra ilin sonuna qədər Vladimir Putini danışıqlar masasına gətirəcəyini açıqlamışdı. Lakin görünən odur ki, proses gözlənildiyi kimi getmədi və sülh planı əvvəlkindən daha çox gündəmə gətirildi.

Bununla belə, bu üç ay ərzində Ukraynaya müəyyən silahlar verildi, Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq olundu. 21-də elan ediləcək növbəti sanksiyaların qüvvəyə minib-minməyəcəyi isə hələ də sual altındadır. Bu müddət ərzində Rusiya və ABŞ arasında konfidensial danışıqların aparıldığı da sezilir və mövcud sülh planının əslində Moskva ilə birlikdə formalaşdırıldığı ehtimal olunur. Avropa ölkələrinin isə bu planı qəbul etməyəcəyi artıq görünür.

Avropa Komissiyasının səlahiyyətlisi də açıq şəkildə narazılığını ifadə edib. Ukrayna da plana etiraz edir, Türkiyənin də bunu dəstəkləməyəcəyi aydındır. Ümumiyyətlə, Donbasın Rusiyaya güzəştə gedilməsi məsələsi də real görünmür. Çünki Moskva bununla kifayətlənməyəcək: Rusiya hazırda Donbası tam şəkildə öz ərazi bütövlüyü daxilində görmək istəyir və növbəti mərhələdə həm Donbasın əlavə hissələrini, həm də Şərqi Ukraynanı nəzarətə almaq niyyətindədir.

Daha geniş mənada isə Kreml Şərqi Avropada təsir dairəsini gücləndirməyə çalışır. Belə bir fonda Donald Trampın yeni sülh təşəbbüsü çoxlu suallar yaradır. Çünki plan əsasən Rusiyanın maksimalist şərtlərinə uyğun formalaşıb. Donbasın güzəştə gedilməsi təklifi isə nə Ukrayna, nə Avropa, nə də Rusiyanın özü tərəfindən qəbul ediləcək kimi görünmür.

Bu səbəbdən yaxın perspektivdə böhranın yenidən dərinləşməsi ehtimalı yüksəkdir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ