İranın paytaxtı Təbrizə köçürüləcək?


İran Prezidenti Məsud Pezeşkian ölkənin paytaxtını Tehrandan başqa bir şəhərə köçürməyin zərurətə çevrildiyini bəyan edib. Fikrini isə bununla əsaslandırıb ki, Tehran artıq əhali yükünü və intensiv tikintini daşıya bilmir, ən böyük maneə isə şiddətli su çatışmazlığıdır: “Reallıq budur ki, artıq seçimimiz qalmayıb- bu, zərurətdir. Bu bölgəyə (Tehrana) əlavə əhali və tikinti yükü salmaq mümkün deyil. Burada inkişaf mümkündür, lakin su problemi həll olunmayacaq. Ölkənin gələcəyi üçün kökündən yeni, kompleks inkişaf xəritəsi hazırlanmalıdır və paytaxtın köçürülməsi bu strategiyanın əsas elementlərindən biri ola bilər”.

Bəs, İranın yeni paytaxtı hansı şəhər ola bilər? Təbrizin üzərində dayana bilərlərmi?

Siyasi şərhçi Azər Həsrət Musavat.com-a bildirib ki, birincisi, İran bu saat yeni paytaxt şəhəri tikəcək gücdə deyil. Çünki sanksiyalar altında ölkə iqtisadi cəhətdən ağır vəziyyət yaşamaqdadır: “Əlavə olaraq da İranın ərazisinin böyük bir hissəsi susuz ərazilərdir. Orada şəhər salmaq çox bahalı işdir. İkincisi, paytaxtın Təbriz olması iddiası varsa, şəxsən mən arzu etməzdim ki, İran İslam Respublikası adlı dövlətin paytaxtı Təbriz şəhəri olsun. Təbriz Güney Azərbaycanın paytaxtıdır, Təbriz Bütöv Azərbaycanın paytaxtıdır. Ümumiyyətlə Təbriz İran dövlətinin paytaxtı olacaq şəhər deyil. O bir türk şəhəridir, fars şəhəri deyil. Gəlin, arzu edək ki, ümumiyyətlə onlar paytaxtı Təbrizə daşımaq haqqında düşünməsinlər. Bu, bizim üçün zərərli olar. Hərçənd düşünürəm ki, paytaxtın daşınması indiki şərtlər daxilində mümkünsüz görünür. Çünki İranın buna gücü çatmayacaq. Təbrizin özünün də müəyyən su problemi var. Çünki Urmiya gölünün quruması Təbrizin də vəziyyətinə mənfi təsir göstərir. O baxımdan da Təbriz variantı məncə heç müzakirə olunmayacaq. İsfahan və ya başqa bir şəhərə köçürmək variantı da ola bilər”.

Siyasi şərhçi hesab edir ki, İran dövləti problemlərini həll etmək üçün ilk növbədə dünyaya açılmalıdır: “Dünyaya açılmaq üçün isə İranın dünyəvi dövlətə çevrilməsi lazımdır. Nə qədər ki, xalqın seçdiyi prezidentin sözü mollaların sözündən üstün olmayacaq, İranın problemlərinin həll olunacağından danışmaq mümkün deyil”.


MANŞET XƏBƏRLƏRİ