Yeni kitab tarix yazan şəxsiyyətlərə ithafdır


Məşhur filosof Fridrix Nitşe deyib: “Şəxsiyyətləri tarix yaratmır, şəxsiyyətlər tarixi yaradır”.

Gerçəkdən 44 günlük Vətən müharibəsində şəhidlərimiz, qazilərimiz sözün əsl mənasında tarix yaratdılar. Biz bu kitabı yazarkən həmin şəxsiyyətlərin yazdıqları tarixi bir daha nəzərdən keçirməyə çalışdıq.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Qəhrəmanlıq tariximiz: nəsillərə örnəkdir” layihəsi çərçivəsində, mənim müəllifliyimlə “Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” kitabı nəşr olunub. Bu kitabda Xəzər rayonunda doğulmuş və yaxud bu bölgədə müvəqqəti yaşamış 40 şəhidimizin həyat hekayətini yazmağa cəhd etdik. Kitab artıq təqdimata hazırdır. Şəhidlərimizin, qazilərimizin şücaəti hesabına qazanılmış tarixi qələbə yüksək mənəviyyatın qazancı oldu. İkinci Qarabağ savaşının əfsanəvi döyüşçülərinin həyat yoluna və döyüş anlarına nəzər salmaq, qaliblərin xatirəsini əbədiləşdirmək, şəhidlərimizin həyat hekayətini yazmaq şükürdür. Belə müqəddəs missiyanı yerinə yetirmək ilahi həqiqətə inamdan, milli dəyərlərimizə sadiqlikdən irəli gəlir.

Şəhidlərimizin missiyası, haqq işi bizim yolumuza işıq salır. Bu missiya bizi Azərbaycanın müstəqil, qüdrətli olmasının zəruriliyini dərk etdirir və hər zaman xeyirin şərə qalib gələcəyi fikirini təlqin edir. Bu mövzuda yazı yazmaq mənə hiss etmədiyim dərəcədə mənəvi zövq verdi. Müxtəlif vaxtlarda şəhid ailəsini ziyarət etdikdən sonra müsbət enerji ilə geri dönürdüm. Hər zaman düşünürəm ki, bu ailələrin arasında mənəvi, ruhani bağlılıq var.

Əziz, qəhrəman qardaşlarımız, Siz qalib gəldiniz! Qazandığınız qələbəni Azərbaycana halal edin! Sizin misilsiz qəhrəmanlığınız hesabına beli bükülmüş ruhumuza rahatlıq gəldi. Azərbaycanın tək torpağı deyil, həm də qüruru özünə qayıtdı. Kitabın yazılmasında, redaktə işində, informasiyaların geniş yayılmasında, nəşr prosesində və ümumilikdə bu müqəddəs missiyanı yerinə yetirərkən bizə dəstək olan hər kəsə sonsuz TƏŞƏKKÜRLƏR!

Əkrəm Bəydəmirli

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri

Fotolar


MANŞET XƏBƏRLƏRİ