Abşeronda 16 yaşlı qızı qaçırılan ata: "Molla qızımı toruna salıb"


Abşeronda evlənmək məqsədilə qaçırılan 16 yaşlı qızın atası danışıb.

Qaçırılan qızın atası Emin Babayev qəsəbə məscidinin imamı Turab Tahirovu illərdir tanıdığını deyib.

Qızının hazırda Göyçayın Qaraməryəm kəndində olduğunu deyən ata hadisənin iyunun 17-də baş verdiyini bildirib. O, qızının qaçırılmasının əvvəlcədən planlaşdırıldığını qeyd edib:

“Hadisədən əvvəl qızımın məktəbdə son zəng tədbiri olub, ondan bir gün sonra məscidə kitab vermək üçün gedib, həmin gün də Göyçaya qaçırılıb. Məsciddə dini dərslər alırdı və gələcəkdə dini təhsil almağı planlaşdırırdı. Qızımın 16 yaşı var, məscidin imamı onu toruna salıb. O, əvvəllər ailəli olub və boşanıb. O, mənim yaşımdadır, qızımdan yaşca çox böyükdür, istəyirəm övladım geri qaytarılsın”.

E.Babayevin sözlərinə görə, baş verən hadisədən sonra molla tutduğu vəzifəsindəndə azad edilib. O əlavə edib ki, qızı Göyçaya qaçırıldıqdan sonra telefonla ailəsinə zəng edib və ona orada toy keçiriləcəyini, ailə quracağını deyib.

Qızın ailəsi dərhal hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır./Den.az


MANŞET XƏBƏRLƏRİ