Dönərdən kütləvi zəhərlənmələr: rəqəmlər belə gizlədilir – İki qurumdan ŞOK


Ötən gün Tovuzda dönərdən kütləvi zəhərlənmə hadisəsinin baş verməsi yenidən narahatlıq yaradıb. Bildirilir ki, belə hadisələr artıq adi hala çevrilib. Yayılan məlumatlara əsasən, dönərxanalarda gigiyenik qaydalara əməl olunmaması səbəbindən vətəndaşlar tez-tez xəstəxanalıq olur. Buna baxmayaraq, məsuliyyət daşıyan qurumlar, xüsusilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yetərli nəzarət və təsir mexanizmi ortaya qoya bilmir.

Problemin kökü nədir?

Globalinfo.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, AQTA-nın fəaliyyəti gözləntiləri qarşılamır və zəhərlənmə halları ilə bağlı statistik göstəricilər həqiqəti əks etdirmir:

“Bu qurum yarananda düşünürdük ki, qida təhlükəsizliyi nəzarətdə olacaq. Çox təəssüf ki, agentlik qarşıya qoyduğu hədəflərə nail ola bilməyib. Zəhərlənmə halları davam edir. AQTA və Səhiyyə Nazirliyi zəhərlənmə hallarının sayını dünya göstəricisindən 1400 dəfə az göstərməklə, sanki statistikadan həzz alır. Halbuki real rəqəmlər tamamilə fərqlidir”.

eyyub huseynov

Eyyub Hüseynov

Ekspert bildirib ki, dönərxanalar artıq cəmiyyətin sağlamlığı üçün ciddi təhdidə çevrilib:

“Hökumət biznes qurumlarına çox rahat şərait yaradıb. Onlar üçün əsas olan vergilərin vaxtında ödənilməsidir. Bu isə bəzi sahibkarlar üçün fürsətə çevrilib. Dönərxanalar çox gəlirli sahədir. Hazırda ölkədə yalnız iki müəssisə dönərləri təzə ətdən hazırlayıb mənfi 40 dərəcəyə qədər dondurur və məhsulu soyuq zəncir üzrə çatdırır. Dönərxanaların əksəriyyəti bu müəssisələrdən istifadə etmir. Zəhərlənmələrin səbəbi isə təkcə ətlə bağlı deyil, bəlkə də sonuncu yerdədir. Çünki zəhərli ətin qoxusu və rəngi dəyişir, ona heç heyvan da yaxın getməz. Əsas problem dönərxanalardakı antisanitariyadır. Məsələn, mayonez və ketçupların saxlanma müddəti 4-5 saatdır, amma bunlar vedrələrlə gətirilir və günlərlə açıq vəziyyətdə qalır. Sabaha qalan dönər soyuducuda da saxlanılsa, artıq çirklənmiş sayılır və təhlükəlidir”.

Mütəxəssis əlavə edib ki, problemin əsas səbəblərindən biri nəzarətsizlik və zəif qanunvericilikdir:

“Ümumiyyətlə, şübhəli dönərlərlə qarşılaşanlar dərhal 1003 nömrəsinə zəng edərək Qida Təhlükəsizliyi Agentliyinə məlumat versinlər. İctimai nəzarət olmadan bu problemin həlli mümkün deyil”.


MANŞET XƏBƏRLƏRİ