Kimlər işsiz şəxs sayılır və işsiz olma necə sübut edilir?


“Məşğulluq haqqında qanunun 1.1.6-cı maddəsinə əsasən, işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs hesab olunur. Şəxs işaxtaran və ya işsiz kimi qeydiyyata alındığı zaman onun elektron informasiya sisteminə daxil etdiyi məlumatlar əsasında avtomatlaşdırılmış qaydada fərdi məşğulluq vərəqi tərtib edilir”.

Bu sözləri "Yeni Sabah"a əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov deyib.

O bildirib ki, bir sıra hallarda şəxsin işaxtaran kimi qeydiyyatı ləğv edilir:

“İşaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran və ya işsiz kimi qeydiyyata alınırlar.

Şəxs işaxtaran və ya işsiz kimi qeydiyyata alındığı zaman onun elektron informasiya sisteminə daxil etdiyi məlumatlar əsasında avtomatlaşdırılmış qaydada fərdi məşğulluq vərəqi tərtib edilir. Bir sıra hallarda şəxsin işaxtaran kimi qeydiyyatı ləğv edilir. Qanunvericiliyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi əsasında münasib işlə təmin olunduqda; vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar edildikdə; işaxtaran kimi qeydiyyatdan çıxarılma barədə elektron ərizə təqdim edildikdə; aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaranlar fərdi məşğulluq proqramının tərtib edilməsindən imtina etdikdə və ya onu təsdiq etmədikdə və s”.

Ekspert vurğulayıb ki, qeyri-formal məşğulluğun bir mexanizmi olmadığına görə, onun işsiz şəxs kimi qəbul edilməsi mümkündür:

“Məşğulluq haqqında qanuna görə, məşğul şəxslərə muzdla işləyənlər; mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər; sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər; Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər; ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar; Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları; xüsusi notariuslar, sərbəst mediatorlar və vəkillər aiddir. Vətəndaş gedib işsiz şəxs kimi müvafiq quruma müraciət etdikdə, həmin qurum onu yoxlayır və işsiz kimi təsdiqləyir. Şəxsin işsiz olması bu cür sübut edilir. Əgər vətəndaş yuxarıdakı meyarlar üzrə məşğul şəxs hesab edilmirsə, işsiz kimi qeydiyyata alınır. Qeyri-formal məşğulluğun (fəhlə, usta yaxud ofisiant kimi fəaliyyət) bir mexanizmi olmadığına görə, onun işsiz şəxs kimi qəbul edilməsi mümkündür”.

Qeyd edək ki, cari il iyun ayının 1-nə əsasən, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 229,9 min nəfər olub.


MANŞET XƏBƏRLƏRİ