İsrail ilə İran arasında 12 günlük müharibə regionda gərginliyi artırdığı kimi, ölkələrarası münasibətlər baxımından da maraqlı məqamlarla yadda qaldı. Azərbaycan İsrail-İran münaqişəsi fonunda tərəflərdən heç birini birmənalı şəkildə dəstəkləməyərək balans siyasətinə sadiq qaldı.
Bununla belə, rəsmi Bakı müxtəlif diplomatik kanallar vasitəsilə İsrail rəhbərliyinə azərbaycanlıların yaşadığı yaşayış məntəqələrinin hərbi hədəfə çevrilməməsi, mülki infrastruktura və dinc əhaliyə zərər verilməməsi ilə bağlı mesajlar ötürdü.
ABŞ-ın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs olsa da, bir sual açıq qalır: İsraillə Azərbaycanın münasibətləri 12 günlük müharibədən sonra necədir?
Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, İsrail ilə İran arasında baş verən 12 günlük müharibə yalnız Orta Şərqdə deyil, eləcə də bütövlükdə qlobal sistemdə böyük əks-səda yaratdı:
“Çox qısa zamanda baş verən kəskin hərbi toqquşmalar İranın nüvə və hərbi obyektlərinə qarşı İsrailin və ABŞ-nın genişmiqyaslı zərbələri ilə yadda qaldı. Bu nöqteyi-nəzərdən yanaşdıqda, Azərbaycan-İsrail münasibətləri, həmçinin regionun enerji, təhlükəsizlik və diplomatik xəritəsi yenidən diqqət mərkəzinə çevrilərək müzakirələrə səbəb oldu.
Aytən Qurbanova
Öncə onu qeyd etmək lazımdır ki, Azərbaycan-İsrail strateji tərəfdaşlığı ötən illər ərzində kifayət qədər möhkəmlənərək daha da güclənib.
Xüsusilə də, iki dövlət arasındakı əməkdaşlıq 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra Azərbaycanın müdafiə sənayesi və milli təhlükəsizlik siyasətində mühüm istiqamətlərdən birinə çevrilib. Lakin bizim strateji tərəfdaşlığımız heç bir halda hər hansı üçüncü dövləti hədəf almayıb və İsrail-İran gərginliyi bu münasibətlər kontekstində müzakirə mövzusu ola bilməz.
İran mediası müharibə ərəfəsində Azərbaycanın İsrailə yardım etdiyi və ya onun kəşfiyyat maraqlarına şərait yaratdığı ilə bağlı əsassız və reallıqdan uzaq iddialar irəli sürərək növbəti dəfə məkrli niyyətlərini ifşa etməyə davam etdilər. Hərçənd ki, Azərbaycan bu kimi iddiaları birmənalı şəkildə rədd edərək balanslı və neytral mövqeyə sahib olduğunu dəfələrlə bəyan etmişdir. Azərbaycan hər zaman həm İran, həm də İsrail ilə diplomatik kanalları açıq saxlayaraq regionda münaqişənin genişlənməsinə qarşı mövqe nümayiş etdirərək tərəfləri dialoqu davam etdirməyə dəvət etmişdir.
Ümumilikdə isə Azərbaycan-İsrail münasibətləri yalnız ikitərəfli deyil, daha geniş regional təhlükəsizlik arxitekturasının mühüm hissəsi kimi dəyərləndirilməlidir. Ona görə də, bütün əsassız iddialara baxmayaraq, Azərbaycan milli maraqlar çərçivəsində balanslı və rasional siyasət yürüdərək belə mürəkkəb geosiyasi mənzərədə öz mövqeyini hər zaman qorumağa davam edəcək”.