Evləri plana düşən vətəndaşların NƏZƏRİNƏ – Məbləğlə razı deyilsinizsə…


Bakının bir sıra ərazilərində yaşayış evlərinin plana düşməsi səbəbilə sökülməsi nəzərdə tutulur. Lakin ev sahibləri təklif olunan kompensasiyanın azlığını əsas gətirərək razılaşmırlar.

Bəs bu problemin hüquqi həlli yolu nədir?

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Bizim.Media-ya açıqlamasında bildirib ki, mülkiyyət hüququ qanunla qorunur:

“Azərbaycan Respublikası Konstitusiyasına əsasən, hər bir vətəndaşın mülkiyyəti toxunulmazdır. Hətta hüquqi sənədi olmayan, lakin həmin ünvanda qeydiyyatda olan şəxsin də mülkiyyəti qorunur. Onun razılığı olmadan evinin sökülməsi və ya köçürülməsi qanunsuz sayılır”, - deyə ekspert bildirib.

Ekspertin sözlərinə görə, kompensasiya məbləğləri ilə bağlı qanunvericilikdə aydın mexanizmlər mövcuddur:

“Əgər qiymətlə bağlı narazılıq yaranarsa, tərəflər qiymətləndirmə şirkətinə müraciət edərək əmlakın bazar dəyərini müəyyən edə bilərlər. Razılaşma baş tutmazsa, mediatorlar vasitəsi ilə ortaq həll yolları axtarılır. Bu mərhələdə də vətəndaşın hüquqları prioritet sayılır”.

Azadov əlavə edib ki, bəzən tikinti şirkətləri süni maneələr yaradır:

“Təəssüf ki, bəzi hallarda şirkətlər kompensasiyanı tam ödəməkdən yayınmağa çalışır, müxtəlif yollarla vaxtı uzadır, hətta qaz və işıq xətlərinə müdaxilə edirlər. Bu isə açıq-aşkar qanunsuzluqdur”.

Ekspert sonda qeyd edib ki, belə hallarda vətəndaşlar hüquqi yollara – məhkəməyə və müvafiq dövlət qurumlarına müraciət etməklə haqlarını qorumalıdırlar.


MANŞET XƏBƏRLƏRİ