Ərdoğandan açıq cavab: İranın belə bir addım atmayacağına inanırıq


Prezident Ərdoğan Hollandiyanın Haaqa şəhərində NATO-nun Dövlət və Hökumət Başçıları Zirvəsindən qayıdarkən təyyarəsində jurnalistlərin suallarını cavablandırıb.

Turkustan.az xəbər verir ki, təyyarədə olan bir jurnalist Ərdoğana: " Hörmüz boğazının bağlanacağı ilə bağlı iddialara görə enerji sahəsində qlobal böhran gözləntiləri var idi. Hazırda öz qaynaqlarımızla enerjidə tam müstəqilliyə doğru irəliləyirik. Belə bir qlobal enerji böhranı vəziyyətində Türkiyə öz daxili imkanları ilə bu cür fırtınalı mühitləri aşa biləcək səviyyəyə necə çata bilər?"- sualını ünvanlayıb.

Prezident Ərdoğanın cavabı belə oldu: "Hörmüz boğazının bağlanması böyük problem yaradar. İranın belə bir addım atmayacağına inanırıq. Son gərginlik bizə enerji təchizatı təhlükəsizliyinin nə qədər vacib olduğunu bir daha xatırlatdı. Biz Türkiyə olaraq öz enerji resurslarımızı artırmaq üçün intensiv işləyirik. Biz Qabarda neftdən Qara dənizdə təbii qaza qədər hasil edirik və bunu artırmağa çalışırıq. Digər tərəfdən ciddi neft və təbii qaz kəşfiyyatı işlərimizi davam etdiririk.

Biz enerji sahəsində tam müstəqil olmaq məqsədi ilə idxalımızı azaltmaq və istehsalımızı artırmaq üçün çalışırıq. Son məqsədimiz Türkiyəni resurslar və texnologiya baxımından ixracatçı ölkə etməkdir. Baş verənlər açıq şəkildə göstərdi ki, enerji ölkələr üçün yaşamaq məsələsidir. İki gün əvvəl şayiə yayıldı, dedilər; “ İran təbii qazı kəsib”. Mən bu məsələni dərhal energetika nazirimlə müzakirə etdim, o, həmsöhbəti ilə əlaqə saxladı. Əslində belə bir vəziyyət yoxdur. İran prezidenti Pezeşkianla da görüşdük. Təbii qazımızı kəsmək kimi bir vəziyyətin yarana biləcəyini heç düşünmürük. Təbii qazımız hazırda İrandan gəlir. Bizim heç bir problemimiz yoxdur”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ