Bu şəxslər 15 min manata qədər cərimə olunacaqlar


Məhkəmənin baxdığı hüquqi əhəmiyyətli faktların siyahısından “ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının” çıxarılması təklif edilir.

Turkustan.az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan Mülki Prosessual Məcəlləyə, Cinayət-Prosessual Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, məhkəmə ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının müəyyən edilməsi barədə işlərə baxır.

Qanun layihəsində yuxarıdakı maddənin ləğv edilməsi təklif olunur.

Bildirilib ki, Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilib ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən, 1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslər faktiki birgə yaşadığı vaxtı göstərib qeyd etdirmək yolu ilə öz nikahlarını rəsmiləşdirə bilərlər.

1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslərdən biri öldükdə və ya xəbərsiz itkin düşdükdə qeydiyyat şöbəsi və konsulluq idarəsi faktiki nikah münasibətlərində olma faktını təsdiq edən məhkəmə qərarına əsasən, nikah münasibətlərinin başlanması vaxtını göstərir.

Beləliklə, yuxarıda nəzərdə tutulmuş faktiki nikah münasibətlərində olma faktı 1944-cü il iyulun 8-dən qabaq başlanıb ər-arvadın birinin vəfatına qədər davam etdiyi halları nəzərdə tutur.

Bununla belə, həmin tarixdən yarım əsrdən artıq zaman keçdiyindən 1944-cü il iyulun 8-dək faktiki nikah münasibətlərində olma faktının tanınması ilə bağlı belə nikahın tərəflərindən birinin hazırda məhkəmələrə müraciət etmələri müddət baxımından real görünmür.

Həmçinin qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair cərimələr müəyyənləşdirilir.

Belə ki, qeyri-hökumət təşkilatı tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək məbləğdə cərimə ediləcək.

Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə olmadan və ya qeydiyyata alınmamış belə müqavilə üzrə qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsinə və ya işlərin görülməsinə, yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edilməsinə görə vəzifəli şəxslər 2 500 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 8000 manatdan 15 000 manatadək məbləğdə cərimə ediləcək.

Qeyri-hökumət təşkilatları, yaxud banklar və digər ödəniş xidməti təchizatçıları tərəfindən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılmasına görə vəzifəli şəxslər 2 500 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 8000 manatadək məbləğdə cərimə ediləcək.

Bundan əlavə, dövlət qulluqçularının reyestrinə dair qaydaları pozanlar cərimələnəcək

Layihəyə əsasən, dövlət qulluqçularının reyestrinə səlahiyyətli vəzifəli şəxs tərəfindən daxil edilməli olan məlumatların qanunvericiliklə müəyyən edilmiş müddətdə daxil edilməməsinə və ya məlumatlarda dəyişiklik edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə cərimə ediləcək.

Yuxarıda nəzərdə tutulmuş inzibati xətanın inzibati tənbeh almış səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 700 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək.

Yuxarıdakı abzaslarda “səlahiyyətli vəzifəli şəxs” dedikdə dövlət orqanının (qurumunun) Dövlət qulluqçularının reyestrində qeydiyyatdan keçmiş və müvafiq hüquqlar verilmiş məsul şəxsləri nəzərdə tutulacaq.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib./publika.az


MANŞET XƏBƏRLƏRİ