Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri ilə bağlı yeni iddialar ortaya çıxıb. Belə ki, onun səfər zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ermənistan gerbindən Ağrı Dağını çıxaracağına söz verdiyi iddia olunur. Bu məlumatla müxalif mövqeli “Hraparak” nəşri çıxış edib.
Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, “Hraparak” nəşri müxalif mövqeyi ilə seçilir və tez-tez spekulyativ informasiyalara yer verir:
“Bu baxımdan nəşrin yaydığı məlumatlar bəzən manipulyativ xarakter daşıyır. Lakin bu məlumat tamamilə yanlış deyil. Çünki Paşinyan bəzən bu cür həssas informasiyaları bilərəkdən “Hraparak”a ötürür və ictimaiyyətin reaksiyasını ölçür. Yəni bu bir növ ‘nəbz yoxlaması’ məqsədi daşıyır.
Mövcud Ermənistan hakimiyyəti üçün artıq qırmızı xətlərin əhəmiyyəti qalmayıb. Paşinyan və onun komandası faktiki olaraq keçmiş ideoloji dayaqları sıradan çıxarır, “tabu”ları yıxır. Bu mənada Ermənistan gerbindən Ağrı Dağının çıxarılması da təəccüblü deyil. Paşinyan, çox güman ki, bu yolla həm danışıqlara sadiqliyini, həm də Türkiyə ilə münasibətləri normallaşdırmaq istədiyini nümayiş etdirməyə çalışır”./Globalinfo.az