İlahiyyatçı kimi tanınan Hacı Qamət Süleymanovun çıxışı müzakirələrə səbəb olub. Belə ki, o, sosial şəbəkə üzərindən yayılan növbəti çıxışlarında deyib ki, bir kişinin öz əmi, xala və bibi qızları ilə Whatsapp üzərindən danışması dinə görə düzgün sayılmır. O, fikrini belə əsaslandırıb ki, həmin qadınlar naməhrəmdir, ona görə də danışmaq olmaz.
Bəs bu fikir nə dərəcədə doğrudur? İslam dinində niyyət və münasibətin mahiyyəti rol oynamırmı?
Globalinfo.az-a danışan ilahiyyatçı Əkrəm Həsənovun qənaətinə görə, bu məsələ problemlidir.
O deyib ki, bu məsələdə örf, adət və dinin uyğunlaşması görünmür:
“İslam dini bizə tamamilə toxunmağı haram bildirir. Amma örfümüz və adətlərimiz bizə xala, dayı, bibi qızları ilə görüşməyi təlqin edir. Daha doğrusu, bu, bəzi bölgələrdə fərqli adətlərlə həyata keçirilir. Elə bölgələr var ki, orada xala, dayı, bibi qızları ilə münasibətlərdə – yəni hətta salam verməkdə, görüşməkdə, əl tutmaqda sərhədlər qoyulur. Amma elə bölgələrimiz də var ki, orada bunların hamısı sərbəstdir.
İslam dinində isə qadınla kişinin münasibətlərində tənzimləyici prinsiplər mövcuddur. Bu prinsiplərin əsas məqsədi fəsadın qarşısını almaq, iffəti və əxlaqı qorumaqdır. Lakin bu prinsipləri o qədər daraltmaq və sərtləşdirmək ki, artıq halal olan ailə münasibətləri belə şübhə altına düşsün – bu, nə Quranın, nə Sünnənin, nə də sağlam fiqh anlayışının məqsədi deyil”.
İlahiyyatçı bildirib ki, Quranda əmi, dayı, xala, bibi və onların övladları – yəni əmioğlu, dayıoğlu, xalaqızı, bibioğlu kimi qohumlar arasında ümumi münasibətlər qadağan edilməyib:
Əkrəm Həsənov
“Əksinə, Allah Quranda bu münasibətlərin mövcud olduğunu təsdiqləyir:
“De: Allah sizə nəyi haram etdiyini bəyan etdi: … və sizə süd bacılarınız və qohumlarınızla evlənmək haram edildi…” (Nisa, 23)
Bu ayədə evlənmək haram buyurulan qadınlar sıralanır və bəlli olur ki, xala, bibi, ana, bacı və s. kimi məhrəmlərlə evlənmək haramdır, lakin xalaqızı, əmioğlu və sair ilə evlənmək halaldır. Bu isə o deməkdir ki, onlar “naməhrəm” sayılır. Amma naməhrəm olmaq ayrı, münasibət qadağası isə fərqli şeydir. Naməhrəmlə əlaqə məsələsində əsas meyar niyyət və münasibətin xarakteridir. Əgər danışıqda nəfsani istək, tək qalmaq, fəsad ehtimalı, ehtiras oyandırmaq, səsdə incəlik, flirt xarakteri və ya haram yön varsa, bu zaman günah olur. Amma Whatsapp yazışması ailəvi, ehtiyac yönümlü, nəzakətli və qısa məzmunlu, ictimai və təmkinlidirsə, burada günah yoxdur”.
Ə.Həsənov xatırladıb ki, Peyğəmbərimizin (s) həyatında da qadınlarla ictimai münasibət olub:
“Peyğəmbərimiz (s.ə.v.) qadınlarla salamlaşıb, suallara cavab verib, məktublar göndərib və məktublar alıb. O, qadınlara dini məsələləri öyrədib, onlar da suallar veriblər. Əgər günümüzdə bu münasibətə “Whatsapp yazışması” deyilirsə, bu, sadəcə texnoloji fərqdir.
İmam Əl-Gəzzali, İbn Həcər, İmam Nəvəvi kimi alimlər də qadınlarla danışmağın qadağan olmadığını bildirirlər. Lakin ehtiyat və əxlaqi sərhədlərə riayət şərti ilə”.
İlahiyyatçının fikrincə, indi belə bir fikir yürütmək ki, əmi, dayı, xala, bibi qızı ilə “Whatsapp” yazışması da qadağandır – bu, artıq şəriətin müəyyən etdiyi sərhədləri genişləndirmək, insanları qorxu və günah psixologiyası ilə yaşatmaq deməkdir:
“Din qorxu ilə deyil, məntiq, hikmət və mərhəmət ilə gəlib. Allah Quranda deyir:
“De: Allahın sizə halal etdiyi zinətləri və gözəl ruzi vasitələrini kim haram etdi?” (Əraf, 32)
Yəni Allahın haram etmədiyi bir şeyi, kiminsə şəxsi ehtiyatlılığı və ya düşüncəsi ilə haram etmək olmaz. Bu məsələdə Hacı Qamət bəlkə də “ehtiyatlı olun” demək istəyir, amma onun fikri qəti və haram hökmündə təqdim etməsi, ictimai fikir formalaşdırmaq baxımından yanlış yönləndirmə yarada bilər. Bu da insanlarda yalnızlıq, yaxınlardan uzaqlaşma, paranoid dini şüur, qohumluq bağlarının qırılması və sonda dindən soyuma hallarına gətirib çıxarır”.
Əkrəm Həsənov deyib ki, nəticə olaraq niyyət və münasibət səmimidirsə, ədəb çərçivəsindədirsə, yazışma ictimai mövzularla bağlıdırsa və haram niyyət yoxdursa, qohumlarla yazışmaq qadağan deyil:
“Əksinə, Quran və Peyğəmbər (s) qohumluq əlaqələrinin möhkəmləndirilməsini əmr edir:
“Qohumluq əlaqələrini kəsən heç kəs Cənnətə girməyəcək” (Buxari, Ədəb, 10).
“Whatsapp” da bir əlaqə vasitəsidir. Məqsəd halaldırsa, vasitə də haram sayılmaz. Allah bizə dinimizi doğru anlayanlardan olmağı nəsib etsin”.