Keçmiş CHP sədri Kamal Kılıçdaroğlunun “Partiyanı müvəkkilə təhvil verməyəcəyəm” sözlərindən sonra müzakirələr davam edir.
Turkustan.az xəbər verir ki, Kılıçdaroğlu TGRT News Ankara Nümayəndəsi Fatih Atikə verdiyi açıqlamada:"Hələ bir məhkəmə qərarı yoxdur. Olsa belə, partiyanı müvəkkilə təhvil verməyəcəyəm. Edilən şərhlər həm CHP, həm də özüm üçün qurulmuş tələdir. Vəzifəni qəbul etməsəm, qərarın etibarsız olacağını söyləmək mənasızdır"-deyə, bildirilib.
Bu məsələ prezident Ərdoğanın da gündəmində olub. NATO Sammitindən qayıdan təyyarədə mətbuat mənsublarının suallarını cavablandıran Ərdoğan müxalifətin öz daxili problemləri ilə məşğul olduğunu və xidmət göstərmədiyini bildirib.
Ərdoğan açıqlamasında: "Təəssüf ki, CHP bu gün çökmüş vəziyyətdədir. İndi görürsən ki, bəziləri "4 ildən sonra qayıdıram" deyir. Digərləri deyir ki, görəsən kim gələcək? Onların Türkiyənin fundamental məsələlərinə dair deyəcəkləri heç nə qalmayıb və onlar bütün partiyanı bir ovuc “rifah ovçusu”nun ambisiyalarının əsiri ediblər".
Tənqidlərini daha da kəskinləşdirən Ərdoğan: "Ətrafımızda bu qədər hadisə baş verirsə, siz heç CHP-dən "biz də eyni düşünürük" kimi bir yanaşma görmüsünüzmü? Fikirləri olmadığı üçün bir təklif irəli sürə bilmirlər. Siyasəti özlərinin dayaz hovuzu hesab edirlər. Fürsəti bilmədən döyüşməyə çalışırlar. Onların idarə etdikləri bələdiyyələr heç də yaxşı deyil"-deyə, əlavə edib.
Aytən Yaşar/ Turkustan.az