Kiçik və mikro sahibkarlıq subyektlərində keçmiş məhkumların məşğulluğu ilə bağlı sorğu keçirilib


Demokratiya və İnsan Hüquqları Komitəsi tərəfindən cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işə götürülməsinə münasibətlərin öyrənilməsinə dair Bakı şəhərində müxtəlif sektorları təmsil edən müəssisələr ilə rəy sorğuları keçirilib.

Sorğular Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı sorğuların keçirilməsi” layihəsi çərçivəsində işəgötürənlər arasında təşkil edilib.

İşəgötürənlərin əsas hissəsi kiçik və mikro sahibkarlıq subyektləri olub. Əsas təmsil edilən sahələr kimi sənaye/istehsalat, kənd təsərrüfatı, ticarət və xidmət (restoran, kafe) sahələri fərqlənib.

Sorğuda işəgötürənlərdən cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin hazırda və ya keçmişdə işləyib-işləməməsi, eləcə də gələcəkdə onları işə qəbul etməyə dair maraqları və narahatlıqları öyrənilib.

Sorğu anketlərinin doldurulması və təhlili bu sahədə olan zəif və güclü tərəfləri aşkar etməyə imkan yaradır. Bu məqsədlə respondentlərin sorğu anketləri təhlil edilərək əldə olunan nəticələr Ədliyyə Nazirliyinə və donor təşkilata təqdim olunacaqdır.

Qeyd edək ki, sorğular Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2025-ci il tarixli ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”na uyğun olaraq cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işə götürülməsinə münasibətlərin öyrənilməsi məqsədilə aparılır.


MANŞET XƏBƏRLƏRİ