Almaniya mediası: Məkkə Alyansı qlobal güc balansını dəyişir


Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə müqaviləsi regionda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına səbəb olub.

Turkustan.az xəbər verir ki, Almaniya mediası bu ittifaqın təsirinin yalnız Yaxın Şərqlə məhdudlaşmayacağını və qlobal güc balansına təsir göstərə biləcəyini yazıb.

Almaniyanın “News24” xəbər saytı Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan Məkkə müqaviləsini təhlil edib.

Təhlildə qeyd olunur ki, saziş sadəcə müdafiə müqaviləsi deyil. Bu, qlobal güc balansının dəyişdiyi bir dövrdə regional dövlətlərin öz təhlükəsizlik arxitekturalarını formalaşdırmaq cəhdinin göstəricisidir.

Məqalədə vurğulanır ki, avqustun əvvəlində Məkkədə imzalanan müqavilə Yaxın Şərqin təhlükəsizlik sistemində ciddi dəyişikliklərə yol aça bilər. Sazişə əsasən, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan daha sıx hərbi əməkdaşlıq, o cümlədən mümkün hücum zamanı qarşılıqlı yardım barədə razılığa gəliblər.

Almaniya mediası hesab edir ki, Türkiyənin bu ittifaqda iştirakı regional çərçivəni aşaraq dünyadakı güc münasibətlərinə də təsir göstərə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ