Keçmiş məhkumların məşğulluğu ilə bağlı işçilərin rəyi öyrənilib


Xidmət sektorlarında çalışan işçilər arasında cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin məşğulluğu ilə bağlı münasibətin öyrənilməsi məqsədilə rəy sorğusu keçirilib.

Sorğu Demokratiya və İnsan Hüquqları Komitəsinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı sorğuların keçirilməsi” layihəsi çərçivəsində təşkil olunub.

Fiziki qaydada və telefon vasitəsilə keçirilən sorğularda mikro, kiçik və iri biznes subyektlərini təmsil edən, müxtəlif sahələrdə çalışan şəxslər iştirak ediblər.

Xidmət və iaşə, o cümlədən geyim, kitab və aksessuar satışı, həmçinin ticarət və təhsil sektorlarında fəaliyyət göstərən işçilərdən cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin hazırda və ya əvvəllər onların çalışdığı müəssisələrdə işləyib-işləmədiyi, eləcə də gələcəkdə bu şəxslərlə birlikdə işləməyə münasibətləri öyrənilib.

Sorğu anketləri təhlil edildikdən sonra əldə olunan nəticələrin Ədliyyə Nazirliyinə və donor təşkilata təqdim edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, sorğular Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2025-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”na uyğun olaraq, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işə götürülməsinə münasibətin öyrənilməsi məqsədilə aparılır.


MANŞET XƏBƏRLƏRİ