Nostradamusun 1555-ci ildə yazdığı “Prophecies” əsərində yer alan müəmmalı ifadələr əsrlər sonra yenidən gündəmə gəlib. Onun əsərindəki “yeni müdrik” və “yalnız bir zehin” ifadələri bəzi şərhçilər tərəfindən süni intellektlə əlaqələndirilir.
Turkustan.az xəbər verir ki, bu barədə “Wio News" məlumat yayıb.
Bildirilib ki, Nostradamusun əsərində sirli bir fiqurdan bəhs olunur. Mətndə bu şəxsin şagirdlər tərəfindən dəvət edildiyi, ölümsüzləşdiyi, gözlərini cənuba çevirdiyi və əllərini sinəsinə qoyduğu qeyd edilir. Bəzi yozumlarda “yalnız ağıl” ifadəsinin kompüter və ya süni intellektə işarə etdiyi irəli sürülür.
“Ölümsüzlük” ifadəsi də bu iddiaları gücləndirən əsas məqamlardan biri hesab olunur. Bəzi şərhçilər bunun insan şüurunun rəqəmsal mühitə köçürülməsi və fiziki bədəndən asılı olmadan mövcudluğunu davam etdirməsi ideyasına işarə etdiyini düşünür.
Nostradamusun sözlərinin yenidən gündəmə gəlməsi süni intellektin gələcəyi ilə bağlı narahatlıqların artdığı dövrə təsadüf edir. “Anthropic”-in baş direktoru Dario Amodei, “OpenAI”-nin baş elmi işçisi Jakub Pachocki və CEO Sam Altman süni intellektin inkişafı ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini bildiriblər.
“Tesla” və “SpaceX” rəhbəri Elon Mask isə süni intellekti bəşəriyyət üçün “ən böyük ekzistensial təhlükə” adlandıraraq gələcəkdə super zəkanın insan nəzarətindən çıxa biləcəyi barədə xəbərdarlıq edib./Publika.az