Azərbaycan da Koçaryan və Sarkisyanı yaxalaya bilər - TƏHLİL


“ABŞ, Rusiya və Çin arasında razılıq əldə edilib-edilməməsindən asılı olmayaraq Venesuela Prezidenti Nikolas Maduronun həbsi qlobal nizamdakı yeni dövrün bir hissəsidir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında analitik Aqşin Kərimov bildirib.

Onun sözlərinə görə, bu, beynəlxalq münasibətlər tarixində daha geniş regionları əhatə edə biləcək əhəmiyyətli bir presedent ortaya qoyur. Yəni Rusiya, ABŞ və Çinin başqa ölkələrə müdaxilələrinin fərqli səviyyəsinin başlanğıcı üçün istiqamət yaranır.

A.Kərimov hesab edir ki, onsuz da, Kreml və Ağ Ev zamanla, sanki mərhələli şəkildə onlara tabe olmaq istəməyən dövlətlərə müdaxilələr həyata keçiriblər:

“Bu, beynəxalq münasibətlər sistemində güc vasitəsilə hegemoniya təminidirsə, Çin də yeni dünya nizamındakı aparıcı rolundan istifadə edərək oxşar modeli izləyə bilər. Bütün bunlar olduqca təhlükəlidir, çünki güc tətbiqi ilə hüququn pozulması presedentlərinin artması beynəlxalq arxitekturanı dağıdır. Həm də ona görə ki, bir hakimiyyətin zor gücü ilə kənar təsirlərlə dəyişdirilməsi daha geniş ictimai təhlükəsizlik problemlərini aktuallaşdırır. Venesuelada post-Maduro dövründə paramilitar qruplar, partizanlar və transmilli kartellər xaos yarada bilərlər”.

Müsahibimizə görə, bütün bunlara baxmayaraq, prosesə cinayətkarların, o cümlədən müharibə cinayətlərində iştirak etmiş şəxslərin mühakiməsi baxımından fərqli perspektivdən də baxmaq olar. A.Kərimov bildirib ki, bundan əlavə, mütəşəkkil dəstələrin diri qalmasında və təşkilatlanmasında lazım olan maliyyə dəstəyi qanunsuz gəlirlərlə təmin edilir.

Buna görə də, Donald Trampın ümumilikdə kartellərə qarşı keçirdiyi əməliyyatlar geosiyasi motivlərindən asılı olmayaraq ABŞ-nin daxilini cinayətkar dəstələrdən təmizləyəcək mühüm aktdır.

Bununla yanaşı, analitik qeyd edib ki, hər nə qədər uzaq region olsa da, bu faktor Azərbaycan üçün əhəmiyyətli bir andır:

“Çünki ABŞ daxilində beynəlxalq mütəşəkkil cinayətkarlıq müəssisəsi kimi fəaliyyət göstərən “Erməni gücü” kimi təşkilatın sıradan çıxarılmasına işıq yandırılır. Amerikadakı erməni mütəşəkkil cinayətkar qruplaşmalarının Meksika cinayət strukturları ilə təsdiqlənmiş və dərin əlaqələri mövcuddur. ABŞ-nin rəsmi qurumlarının məlumat və ya hesabatlarına baxmaqla bu barədə geniş araşdırma aparmaq olar.

Lakin erməni mafiyasının Venesuela və Kolumbiya kartelləri ilə birbaşa əməkdaşlığı barədə rəsmi hüquq-mühafizə orqanlarının hesabatlarında məlumat qıtlığı var. Bununla belə, onların Meksika mafiyası vasitəsilə Latın Amerikası mafiya şəbəkəsinə inteqrasiya olunduqları istisna deyil.

Ona görə də, Trampın mafiyaya qarşı əməliyyat modeli “Erməni gücü” kimi kriminal qruplaşmaların zərərsizləşdirilməsi perspektivindən Azərbaycan üçün faydaları ola bilər.

Çünki bu cür təşkilatlar ABŞ-dəki erməni diaspor və lobbisini ayaqda tutacaq maliyyə mənbələrindən biri kimi çıxış edir”.

Aqşin Kərimov: Hadisələrin Azərbaycanın regional təhlükəsizlik və sülh üçün irəli sürdüyü əməliyyat modelinə xeyri toxuna bilər

Həmsöhbətimiz deyib ki, bu, Azərbaycana qarşı propaqanda əməliyyatlarında rollardan birini ifa edir. İndi isə, getdikcə, həmin təşkilatların rolu və fəaliyyətinin zəifləyəcəyi mərhələ başlayır. Digər tərəfdən isə, Azərbaycan-ABŞ əməkdaşlığındakı strateji tərəfdaşlıq diapozonu erməni lobbisinin fəaliyyətinin işini iflic edə biləcək səviyyəyə yüksələ bilər.

Onun qənaətincə, hadisələrin başqa bir tərəfdən də Azərbaycanın regional təhlükəsizlik və sülh üçün irəli sürdüyü əməliyyat modelinə xeyri toxuna bilər:

“Ermənistanın keçmiş prezidentləri və azərbaycanlılara qarşı müharibə cinayətlərində iştirakla fəxr edən Robert Koçaryan və Serj Sarkisyanın mühakiməsi üçün başqa istiqamətdən prosesin başladılması kimi yadda qala bilər. Azərbaycan Prezidenti İlham Əliyevin bundan əvvəlki nitqlərində və bəyanatlarında Koçaryan və Sarkisyanın ədalət önünə çıxarılması tezislərinin önə sürülməsi bu dəfə beynəlxalq gündəlikdə də dəstək qazana bilər. Azərbaycanın Türkiyə ilə strateji ittifaqı, ABŞ ilə münasibətlərdəki strateji tərəfdaşlıq səhifələri, İsrail, Böyük Britaniya kimi güclərlə yüksələn əlaqələri də bu prosesdə mühüm hadisə kimi diqqətəlayiqdir. Proqnozlaşdırıla biləndir ki, Azərbaycan müharibə cinayətlərinin iştirakçılarında liderlik etmiş şəxslərə qarşı geosiyasi cəhətdən ən əlverişli mövqedən yanaşaraq, onları yaxalamaq hüququnu reallaşdırsın”.


MANŞET XƏBƏRLƏRİ