Azərbaycan-Ermənistan danışıqları: Rusiyasız masa və Amerikanın “sülh təşəbbüsü”


Cənubi Qafqazda son illərin ən mühüm siyasi hadisələrindən biri baş verəcək: Ermənistan və Azərbaycan liderlərinin Rusiyasız, Amerikanın təşəbbüsü ilə bir masa arxasında əyləşməsi. Bu isə Moskva üçün ciddi siqnal deməkdir. Çünki Ermənistan-Azərbaycan münaqişəsi illərlə Kremlin “xarici nizamlayıcı” rolu ilə idarə olunub. İndi isə həmin masa ABŞ-ın vasitəçiliyi ilə qurulur və bu dəfə “sülh göyərçini” kimi səhnədə Vaşinqton var.

Əgər belədirsə, məqsəd nədir? Tramp üçün bu lokal bir məsələ niyə əhəmiyyət daşıyır? ABŞ üçün Cənubi Qafqazda “sülh” imici yaratmaq geosiyasi imtiyazlardan xəbər verir. Söhbət təkcə Azərbaycan-Ermənistan münasibətlərindən deyil, bütövlükdə Rusiya-Ukrayna müharibəsinə paralel aparılan yeni “bölgə arxitekturası”ndan gedir. Tramp sanki özünü sülhün simvoluna çevirmək istəyir. Bəlkə də bu, ona Nobel Sülh Mükafatının yolunu açacaq.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Elman Vəliyev bildirib ki, uzun illərdir ki, Cənubi Qafqazdakı münaqişələrin əsas təsir gücü kimi çıxış edən Moskva bu dəfə masa arxasında olmayacaq. Bu isə suallar doğurur: belə bir formatın geosiyasi mənası nədir və ABŞ bu prosesi niyə bu qədər önə çəkir?

"Burada əsas sual ortaya çıxır: ABŞ üçün bu lokal məsələ hansı maraqlar kəsb edir? Cavab sadədir – ABŞ üçün bu, sadəcə “lokal məsələ” deyil. Vaşinqton bu vasitəçilik missiyası ilə beynəlxalq arenada "sülh yaradan güc" imici formalaşdırmağa çalışır. Xüsusilə də Donald Tramp kimi siyasi fiqurun bu formatın önünə çıxması, onun "sülh adamı" kimi qələmə verilməsinin bir hissəsi sayıla bilər. Belə bir uğur, hətta onun Nobel Sülh Mükafatına namizədliyini gündəmə gətirə bilər".

Elman Vəliyev: Türkiyənin tərəflər üçün ortaq zəmanətçi dövlət kimi çıxış etməsi real görünür

Onun sözlərinə görə, Rusiyanın zəiflədiyi bir dövrdə ABŞ-NATO alyansının bölgədə aktivləşməsi, xüsusilə Zəngəzur dəhlizi kimi strateji əhəmiyyətli məkanlarda nəzarətin əldə edilməsi Vaşinqtonun prioritetləri sırasındadır. Bu isə artıq Rusiya üçün sadəcə diplomatik narahatlıq deyil, birbaşa təhlükəsizlik məsələsidir.

"Əgər Ermənistan ilə Azərbaycan ABŞ vasitəçiliyi ilə razılığa gəlsələr, bu, Moskva üçün ciddi geosiyasi itki anlamına gələcək. Belə bir vəziyyətdə Kreml daxili və xarici müdaxilə mexanizmlərini işə sala bilər. Regional sabitliyin pozulması, Ermənistan və Azərbaycanda müxtəlif təxribatlar, ictimai narazılıqların alovlandırılması, hətta çevriliş cəhdləri istisna deyil. Rusiya bu cür strateji ərazidə mövqelərinin zəifləməsinə göz yuma bilməz".

Sonda konfliktoloq diqqətə çatdırıb ki, belə bir sülh formatında üçüncü neytral və hər iki tərəfə yaxın olan aktorun iştirakı zəruridir. Bu baxımdan, Türkiyənin tərəflər üçün ortaq zəmanətçi dövlət kimi çıxış etməsi real görünür.


MANŞET XƏBƏRLƏRİ