Ərdoğanla bağlı xəbər Kiyevi həyəcanlandırdı – Kritik hazırlıq


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin başlamasından bu yana ilk dəfə olaraq Ukraynaya səfəri gözlənilir. Hakim Ədalət və İnkişaf Partiyası son olaraq belə bir səfərlə bağlı dəqiq qərarın verilmədiyini açıqlasa da, Ukraynada artıq ciddi hazırlıq görüldüyü bildirilir.

Ərdoğanın Kiyevə mümkün səfəri hansı məqamları üzə çıxarır? Bu addım Rusiya-Türkiyə münasibətlərinə necə təsir edə bilər?

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, Ərdoğanın Kiyev səfəri mühim müzakirə mövzusudur:

“Məlumdur ki, Ukrayna hazırda müharibə şəraitindədir və belə görüşlər üçün ciddi təhlükəsizlik tədbirləri görülməlidir. Türkiyə tərəflər arasında vasitəçilik məsələsində ən önəmli geosiyasi oyunçulardan biridir. Geostrateji baxımdan Türkiyənin üstünlükləri var. Ankara həm Kiyev, həm də Moskva ilə Qara dənizdə həmsərhəd ölkədir. Eyni zamanda Ukraynada yaşayan Krım tatarlarının hüquqlarının qorunmasına dəstək verir və bu ölkənin ərazi bütövlüyünün tərəfdarı kimi çıxış edir. Digər tərəfdən, Rusiyaya tətbiq olunan sanksiyalara qoşulmayaraq birtərəfli mövqeyini qoruyub. Taxıl dəhlizinin açılması və əsir mübadiləsi kimi məsələlərdə də rəsmi Ankara mühüm rol oynayır.

unnamed file
İlyas Hüseynov

Türkiyə, Rusiya və Ukrayna arasında aparılan danışıqlara ev sahibliyi də edir. Məncə, bu səfər Türkiyə-Rusiya münasibətlərinə mənfi təsir göstərməyəcək, çünki Ankara öz balanslı mövqeyini daim qoruyub.

Hazırkı qlobal vəziyyət fonunda Rusiya-Ukrayna müharibəsinin dayandırılması vacibdir və bu istiqamətdə bir sıra ölkələr mühüm addımlar atır”.


MANŞET XƏBƏRLƏRİ