Turkustan.az xəbər verir ki, Ermənistan parlamentində müxalif “Ermənistan” fraksiyasının rəhbəri, sabiq müdafiə naziri və müharibə cinayətkarı Seyran Ohanyan növbəti dəfə sülh prosesinə qarşı çıxan, manipulyativ və destruktiv bəyanatlarla çıxış edib.
O, “Euromedia24” kanalına verdiyi müsahibəsində Paşinyan–Əliyev arasında Vaşinqtonda keçirilə biləcək görüşü və sülh sazişinin mümkün imzalanmasını ABŞ-ın guya öz daxili siyasi maraqları üçün istifadə etməyə çalışdığını iddia edib. Hətta o qədər irəli gedib ki, Azərbaycanın öhdəliklərinə əməl etmədiyini deyərək, sülh müqaviləsinin guya Ermənistan üçün faydasız olduğunu vurğulayıb.
Bu çıxış bir daha sübut edir ki, Ohanyan və onun təmsil etdiyi “müharibə komandası” – Köçəryan, Sərkisyan, Oskanyan kimi siyasətçilər – Ermənistanın Azərbaycanın torpaqlarını işğal altında saxladığı dövrdə əldə etdiyi qanlı və qeyri-legitim status kvonu bərpa etmək niyyətindən əl çəkməyiblər. Onlar üçün Paşinyanın normallaşma siyasəti və sülh təşəbbüsləri sadəcə şəxsi maraqlarına və regional avantüralarına təhlükə yaradır. Çünki Azərbaycanın qətiyyəti və İlham Əliyevin liderliyi ilə yaratdığı yeni reallıqlar bu şəxslərin manevr imkanlarını sıfıra endirib.
Ohanyanın Sünikdən keçəcək kommunikasiyalarla bağlı 10 noyabr bəyanatının 9-cu bəndinə istinad etməsi isə ikiüzlülük nümunəsidir. O, eyni bəyanatda Qarabağla bağlı müddəaların artıq tarixə gömüldüyünü və Azərbaycanın suverenliyinin tam bərpa olunduğunu bilərəkdən görməzdən gəlir. Halbuki elə həmin sənəd əsasında Ermənistan üzərinə öhdəliklər götürüb və indi onlardan yayınmaqla sülhün əsaslarını sual altına almağa çalışır.
Azərbaycan bu gün Cənubi Qafqazda sülhün memarıdır və bu prosesi diktə edən tərəfdir. Ermənistan isə yalnız bu prosesə adaptasiya olmaq və tarixin təkərini geri döndərməyə çalışmaq əvəzinə, irəliləmək yolunu seçməlidir. Əks təqdirdə, Seyran Ohanyan və onun kimilərinin təkid etdiyi revanşist ritorika Ermənistanı yeni faciələrə sürükləyə bilər. /Musavat.com/