Avqustun 8-də ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda görüşəcəklər.
Görüşün gündəliyində əsas məsələ iki ölkə arasında uzun müddətdir gözlənilən sülh sazişinin perspektividir. Tərəflər arasında aparılan son danışıqlar fonunda bu görüş Cənubi Qafqazda davamlı sülhə doğru atılan mühüm addım kimi qiymətləndirilir.
Maraqlıdır, görəsən bu görüşdə sülh müqaviləsinin imzalanması ehtimalı varmı? İllərdir davam edən münaqişə nəhayət sona çatır? Turkustan.az olaraq bu suallarımızı politoloq Samir Hümbətova ünvanladıq.
Samir Hümbətov
Vaşinqton görüşünə böyük ümidlər var. Düzdür, burada tam sülh müqaviləsinin imzalanacağını demək hələ tezdir, lakin bir çərçivə sənədinin qəbul olunması ehtimalı yüksəkdir. Amerikanın bu istiqamətdə təşəbbüs göstərməsi və Azərbaycanın bu təşəbbüsə müsbət yanaşması ümidləri artırır.
Bundan əvvəl liderlərin Əbu-Dabidə baş tutan təkbətək görüşləri də prosesə yeni dinamika gətirib. Bu baxımdan müəyyən nəticələrin əldə olunacağı gözləniləndir.
Təbii ki, Ermənistanın atmalı olduğu addımlar var. İlk növbədə, konstitusiyasını dəyişməli, ATƏT-in Minsk Qrupunun fəaliyyəti rəsmən dayandırılmalı, eləcə də Avropa İttifaqının keçmiş hərbçiləri bölgədən çıxarılmalıdır. Görünən odur ki, ABŞ-ın Ermənistan üzərində ciddi təsiri və təzyiq imkanları mövcuddur.
Məhz bu səbəbdən Vaşinqtonda müəyyən bir sənədin imzalanması və ya birgə bəyanatın qəbul edilməsi mümkündür. Əgər belə bir səfər baş tutursa, nəticə gözləməyə dəyər.
Aytən Yaşar/ Turkustan.az