Musavat.com xəbər verir ki, Rusiyanın Amur vilayətində radarlarla əlaqəsi kəsilən AN-24 tipli sərnişin təyyarəsinin qalıqları Tındadan 15 kilometr uzaqlıqda, dağlıq və çətin keçilən ərazidə aşkar edilib. Təyyarənin göyərtəsində 43 sərnişin – onlardan 5-i uşaq – və 6 heyət üzvü olub.
Məlumatı Amur vilayətinin qubernatoru Vasili Orlov açıqlayıb. Qubernatorun sözlərinə görə, ilkin ehtimallara əsasən, təyyarədə sağ qalan yoxdur.
Fövqəladə Hallar Xidmətindən “RIA Novosti” agentliyinə bildirilib ki, hadisə yerinə hava müşahidəsi aparılıb və göydən baxış zamanı sağ qalanlara rast gəlinməyib. Bununla belə, axtarış-xilasetmə qrupları yer səviyyəsində axtarışlara başlayıblar. Rəsmilər hələlik yer müşahidəsi nəticəsində möcüzəvi şəkildə sağ qalanların tapıla biləcəyinə ümid etdiklərini bildirirlər.
Qəza ilə bağlı araşdırmalara başlanılıb. Təyyarənin qəzaya uğramasına səbəb ola biləcək texniki nasazlıq və ya əlverişsiz hava şəraiti əsas versiyalar kimi qiymətləndirilir.
Qeyd edək ki, AN-24 tipli təyyarələr əsasən regional uçuşlar üçün istifadə olunur və Rusiyanın ucqar bölgələrində hələ də geniş tətbiq edilir. Təyyarənin hansı aviaşirkətə məxsus olduğu və uçuşun hansı marşrut üzrə həyata keçirildiyi barədə əlavə məlumatlar hələ açıqlanmayıb.
Hadisə Rusiyada dərin kədər və narahatlıq doğurub. Qurbanların ailələrinə psixoloji yardım göstərilməsi üçün xüsusi qruplar işə cəlb olunub. /Musavat.com/