KİV-də yayılan məlumatlara görə, Rusiya Azərbaycana qarşı “daha sərt və əhatəli cavab” verməyə hazırlaşır. Bəs bu cavab nə ola bilər?
Kreml növbəti mərhələdə Bakıya qarşı hansı təzyiq vasitəsindən istifadə etmək niyyətindədir?
Yenisabah.az xəbər verir ki, bu barədə Demokrat.az-a danışan politoloq Natiq Miri deyib ki, Azərbaycan-Rusiya münasibətləri gərgin fazaya keçəndən bu yana Rusiya 3 istiqamətdə Azərbaycana təzyiq edir:
“İnformasiya sahəsində və sosial şəbəkələrdə, psixoloji kontekstdə, sözlə təhdid etməklə və praktiki istiqamətdə – burada hibrid yanaşma var, Gümrüyə əlavə hərbçilər göndərir, baxmayaraq ki, belə qüvvələrə Ukraynada daha çox ehtiyac var. Bu addım müəyyən mənada Zəngəzur dəhlizi məsələsinə təhdid yaradır, Rusiyanın bu yöndə planlarından xəbər verir. Paralel olaraq Azərbaycan və Ermənistan cəbhəsində hansısa hərbi təxribatların törədilməsi də ola bilər.
Rusiyanın Azərbaycana təzyiq mexanizmləri o qədər də böyük deyil. Sadəcə iqtisadi, ticari yöndə təzyiqlər edilə bilər ki, bu da artıq başlayıb. Bundan artığını gözləmirəm. Hər hansı hərbi müdaxiləni istisna edirəm, bu, Rusiyanın boyunu aşan məsələdir. Azərbaycan tək deyil, Rusiya Azərbaycanı qarşısına almaqla, bir çox güc mərkəzlərini qarşısına almış olar”.