Sentyabrın 10-dan 20-dək Beynəlxalq Gənclik Dərnəyi (UGED) tərəfindən Xaricdə Yaşayan Türklər və Qohum İcmalar Başçılığının (YTB) dəstəyi və Azərbaycanda fəaliyyət göstərən Gəncliyə Yardım Fondu ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda gənclər proqramı təşkil olunacaq.
Turkustan.az xəbər verir ki, UGED-dən verilən məlumata görə, “Qafqaz İslam Ordusunun İzi ilə Nuri Paşanın xatirəsinə” mövzusu ilə həyata keçiriləcək proqram 1918-ci ildə Bakını erməni və bolşevik işğalından azad edən Qafqaz İslam Ordusunun qələbəsinin 107-ci ildönümünü qeyd etmək məqsədi daşıyır.
Türkiyədən seçilən 20 universitet tələbəsinin qatılacağı proqramda Bakı və Gəncə şəhərləri ilə yanaşı, işğaldan azad edilmiş bölgələrdə tarixi gəzintilər, mədəni səfərlər və təlimlər kimi bir çox fəaliyyətlər yer alacaq.
Gənclər azərbaycanlı həmyaşıdları ilə görüşlər keçirərək sahədə Türkiyə-Azərbaycan qardaşlığını yaşayacaqlar.
Aytən Yaşar/ Turkustan.az