Tarixi an: Bakı Vaşinqton vaxtına “keçdi” – Mühüm xəbərlər gözlənilir


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərə gedib. Bu fonda avqustun 8-də ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüş keçirməsi planlaşdırılır. Görüşün Vaşinqtonda – dünyanın əsas siyasi mərkəzlərindən birində baş tutması, həm regionda dəyişən geosiyasi balansı, həm də Qərbin sülh prosesinə artan marağını əks etdirir.

Bu prosesin arxa planında Kremlin necə mövqe tutacağı, xüsusilə də ehtimal sülh sazişinin ABŞ-ın moderatorluğu ilə imzalanmasına Moskvanın necə reaksiya verəcəyi aktual və açıq qalan suallardandır.

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Prezidentin ABŞ-a səfəri, ilk növbədə, Bakı-Vaşinqton münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir:

“Donald Tramp ikinci dəfə prezident seçildikdən sonra Bayden adminstrasiyasının zamanında buraxılan səhvlərin aradan qaldırılması, “Uğursuz Co” tərəfindən başladılan müharibə və münaqişələrin dayanadırılması istiqamətində ciddi səylər göstərir. Trampın bəşəri dəyərlərə münasibətdə ənənələrə sadiq qalması, həmçinin milli dövlətlərin müstəqil inkişaf modelinə üstünlük verməsi Azərbaycanın uzun illərdən bəri təbliğ və təşviq etdiyi baxış bucağı ilə üst-üstə düşən məqamlardır.

Həm qeyd etdiyim səbəblərdən, həm də ABŞ ilə Azərbaycan arasında mövcud əməkdaşlıq istiqamətlərinin inkişafı baxımından iki ölkə liderinin müzakirə edə biləcəyi məsələlərin gündəliyinin kifayət qədər zəngin və faydalı olduğu qaənətindəyəm”.

Politoloq qeyd edib ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin yeni, həlledici mərhələyə qədəm qoyması baxımdan Vaşinqton görüşü mühümdür:

“Vaşinqtonda baş tutacağı gözlənilən sülh danışıqları bir çox məqamlara aydınlıq gətirilməsinə, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı həlledici qərara yaxın razılaşmanın əldə olunmasına zəmin yarada bilər”.

Elcin mirz%C9%99b%C9%99yli

Elçin Mirzəbəyli

Vaşinqtonda Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinə qədər olan bütün prosesin yekunlaşmasına, kommunikasiyaların bərpasına xidmət edən, sülh müqaviləsi qədər əhəmiyyət daşıyan memorandumun imzalanması ehtimalı böyükdür”.

E.Mirzəbəyli vurğulayıb ki, Rusiyanın buna münasibətinin necə olacağı hər kəs bəllidir:

“Bu yanaşmanın Azərbaycan üçün fundamental əhəmiyyətə malik olduğunu düşünmürəm. Rəsmi Bakının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı mövqeyi kifayət qədər aydındır. Azərbaycan Ermənistanla münasibətlərinin normallaşmasında üçüncü qüvvələrin birbaşa iştirakını qəbul etmir və bu baxış bucağı Rusiyaya da aydındır.

Vaşinqton, zənnimcə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün mühüm və həlledici platformalardan biri rolunu oynaya bilər. Rusiyanın necə düşünməsindən və yanaşmasından asılı olmayaraq, Cənubi Qafqazda davamlı sülhün əldə edilməsi vacib şərtdir. Biz bu ilin sonunadək sözügedən istiqamətdə həlledici qərarların qəbul olunmasına şahidlik edə bilərik”.


MANŞET XƏBƏRLƏRİ