İranın ali rəhbərinə birbaşa bağlı olan radikal mühafizəkar “Keyhan” qəzeti növbəti dəfə əsassız iddialarla gündəmə gəlib.
Turkustan.az xəbər verir ki, qəzetin son məqaləsində peyk görüntülərinə istinadən bildirilir ki, əvvəllər Aralıq dənizindən Türkiyə üzərindən İrana daxil olan bulud kütlələri son günlərdə birbaşa olaraq Bakı istiqamətinə yönəlir və İran sərhədlərinə çatmır.
Məqalədə bu istiqamət dəyişikliyinin arxasında “düşmən qüvvələrin iqlimə müdaxiləsi” dayandığı iddia olunur. Qeyd olunur ki, bu proses guya Türkiyədə fəaliyyət göstərən 75 İsrail şirkətinin iştirak etdiyi “iqlim dəyişikliyi layihəsi” çərçivəsində həyata keçirilir.
Lakin bu iddiaların elmi əsaslardan çox, siyasi ritorikaya söykəndiyi aydın görünür. Hazırda dünya üzrə heç bir nüfuzlu meteoroloji təşkilat və ya elmi tədqiqat mərkəzi buludların süni şəkildə istiqamətinin dəyişdirilməsi ilə bağlı hər hansı faktla çıxış etməyib.