Nazir Səyyad Arana cavab verdi: əməliyyatı mətbəxdə edibmiş


“Plastik cərrahiyyə sahəsində özbaşınalıq var və kim gəldi, əməliyyat edir. İnsanları ən sadə mənada desəm, öldürürlər”.

Turkustan.az xəbər verir ki, bunu deputat Səyyad Salahlı (Aran) Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

O qeyd edib ki, dünənki vətəndaş qəbulunda valideynlər gəlib:

"Onların qızları Səbirə Vəliyevanı əməliyyat edən Ülviyyə İlyasova səhv əməliyyat nəticəsində həmin şəxsi öldürüb. İki uşağı yetim qaldı. O gündən bəri o adam haqqında heç bir tədbir görülmür. Valideynlərin dediyinə görə, bu qız 9-cu sinfi bitirib və heç bir tibbi təhsili yoxdur. İndi də bu adam “Qurbanova” soyadı ilə işləyir. Hazırda kosmetoloq-üz cərrahı kimi gizli fəaliyyət göstərir. Biz mətbuatda oxuduq ki, plastik cərrahları imtahan etdilər və onların siyahısını dərc etdilər. Lakin o adamlar kim oldu, biz bunu bilmədik. Bu, geniş ictimaiyyətə təqdim olunmalıdır. Ölən adamı həmin şəxs koma vəziyyətində öz evinə aparıb. Orada ona kömək etmək istəyib, amma fayda verməyib və ölüb. Valideynləri hədsiz dərəcədə narazıdır və bildirirlər ki, bizim uşağımızın qatili kimdir hələ də bilmirik. Bir mərkəzi plastik cərrahi xəstəxana təşkil etmək olarmı? Orada əməliyyat edən hər hansı adam Allah deyil ki, səhv edə bilər. Amma o səhvi düzəldən digər həkimlər də o mərkəzdə fəaliyyət göstərsinlər və dərhal qarşısını alsınlar. Hamı da bilsin ki, plastik cərrahiyə üçün hara getməlidirlər. 9-cu sinfi bitirən şəxs hansısa həkim məntəqəsinin yanından yer alıb fəaliyyət göstərirmiş. Bu nə dərəcədə özbaşınalıqdır? Ona bu icazəni və yeri kim verib? Belə bir mərkəz yaradılsın”, - deyə millət vəkili qeyd edib.

Səyyad Salahlının sözlərinə görə, rayonlardakı direktorlar ora gedən həkimlərin hansısa sözlərinə uyaraq, onları 3-4 aydan sonra geri göndərirlər: “Burada təhsil alıb həkim vətənə borcunu ödəməmiş hara gedir? Bu nə demokratiyadır? Guya buna rayonun havası düşmədi? Bu, əsassız bəhanədir. Mütləq təyinatla getdiyi yerdə işləməli və sonra geri qayıtmaq barədə düşünməlidir. İmişlidə 140 minlik əhalinin bir dənə rentgeni yoxdur. Belə iş olar? İmişli-Saatlı-Sabirabadda 400 minə qədər əhali yaşayır. Lakin bir dənə lor-həkim yoxdur, hörmətli səhiyyə naziri. Onlar yığışıb Bakıya gəlməlidir. Təyinat mütləq məcburi olmalıdır”.

Səhiyyə naziri Teymur Musayev də məsələyə münasibət bildirib. O qeyd edib ki, plastik cərrahiyə ilə bağlı xüsusi təftiş komissiyası yaradılıb.

"Həmin komissiyaya daxil olan Baş Prokurorluq, Elm və Təhsil nazirliyi və DİN əməkdaşları olub. Həmin komissiyanın işi nəticəsində Azərbaycanın ərazisində plastik cərrahiyə üzrə fəaliyyət göstərməyə icazə verilən 42 plastik cərrah müəyyən olunub. Həmin siyahı ictimaiyyətə çatdırılıb və dərc olunub. Bu siyahıdan kənarda qalan digər tibb ixtisası daşıyıcıları üçün öz ixtisasları çərçivəsində müəyyən əməliyyatları icra etməyə icazə verilib. Bu məsələ öz həllini qanun çərçivəsində tam tapıb. Bu mövzuya bir də qayıtmaq istəmirəm.

Qəhrəmanova Sara xanımın deputat Səyyad Salahlıya müraciətinə gəldikdə isə, o xanım mənim də qəbulumda olub. O xanımın qızını əməliyyat edən şəxs onu öz evində mətbəxdə əməliyyat edib. Özü də bütün qohumları da bilirdi ki, o insan tibb ixtisası daşıyıcısı deyil. Səhiyyə Nazirliyi məhz tibb işçilərinə cavabdeh ola bilər. O, artıq hüquq-mühafizə orqanları tərəfindən araşdırlıb. Hər hansı bir insan dələduzluq fəaliyyəti ilə məşğul olursa, istər tibb- istər mühəndislik və s. buna mərkəzi icra hakimiyyəti orqanı cavabdeh ola bilməz”, - deyə nazir bildirib./modern.az


MANŞET XƏBƏRLƏRİ