Milli Məclisin bugünkü iclasında Cinayət və Cinayət-Prosessual məcəllələrə təklif edilən dəyişikliklər layihəsi müzakirəyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib. Sənəd terrorizmin maliyyələşdirilməsinə qarşı hüquqi mübarizə mexanizmlərinin təkmilləşdirilməsi və gücləndirilməsini nəzərdə tutur.
Turkustan.az xəbər verir ki, qanun layihəsi bu sahədə hüquqi şəxslərin məsuliyyətinin daha dəqiq müəyyən edilməsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin və Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) müvafiq standartlarının milli qanunvericilikdə daha səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə hazırlanıb.
Terrorizmin maliyyələşdirilməsinin digər iqtisadi xarakterli cinayətlərdən ana fərqi ondan ibarətdir ki, bu əməlin əsas məqsədi maliyyə və ya digər iqtisadi mənfəət əldə etmək deyil, vəsaitlərin birbaşa terror aktının, terror təşkilatının və ya terrorçunun fəaliyyətinin maliyyələşdirilməsinə yönəldilməsidir.
Bu baxımdan təklif olunan tənzimləmə çərçivəsində əsas məqsəd yalnız qanunsuz gəlirlərin aşkar edilməsi və müsadirəsi ilə məhdudlaşmır, həm də terror fəaliyyətində istifadə edilə biləcək maliyyə resurslarının vaxtında müəyyən edilməsi, qarşısının alınması, dondurulması və müsadirəsini ehtiva edir. Hüquqi şəxslərin məsuliyyətə cəlb edilməsi icraatının xüsusiyyətlərini nəzərə alan digər uyğunlaşdırma xarakterli dəyişikliklər də milli hüquqi mexanizmlərin səmərəliliyinin artırılmasına xidmət edir.
Sənəd parlamentdəki müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiqlənib./"Yeni Sabah"