Azərbaycandan Ermənistana 3 xal, ermənilərdən cavab - SIFIR


Tiflisdə keçirilən “Uşaq Avroviziya–2025” mahnı müsabiqəsi təkcə musiqi yarışı kimi deyil, eyni zamanda tərəflərin mənəvi və insani yanaşmasını üzə çıxaran bir sınaq kimi yadda qaldı.

Musavat.com xəbər verir ki, müsabiqənin səsvermə mərhələsində Azərbaycan Ermənistan təmsilçisinə 3 xal verib, Ermənistan isə Azərbaycan iştirakçısına bir xal belə ayırmayıb.

Bu fakt xüsusilə diqqət çəkir, çünki söhbət siyasətdən, müharibədən və ya dövlətlərarası qarşıdurmadan deyil – uşaq müsabiqəsindən gedir. Uşaq səhnəsində çıxış edən ifaçının nə geopolitikaya, nə də keçmiş münaqişələrə hər hansı aidiyyatı yoxdur.

Azərbaycan tərəfi bu müsabiqədə bir daha nümayiş etdirdi ki, uşaq – uşaqdır və onun qiymətləndirilməsi siyasi prizma ilə aparılmamalıdır. Bu mövqe təsadüfi deyil. Cəmi bir neçə həftə əvvəl Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsində münsif qismində iştirak edən Azərbaycan müğənnisi Samirə Əfəndinin Ermənistan təmsilçisinə 12 xal verməsi də sənətə və insaniliyə hörmət nümunəsi kimi yadda qalmışdı.

Lakin “Uşaq Avroviziya–2025”də Ermənistan tərəfinin davranışı göstərdi ki, humanist jestlər qarşı tərəfdə cavab doğurmur.

Uşaq səhnəsində belə dəyişməyən düşüncə

Cəmiyyətdə bu addım təsadüfi jest kimi yox, daha dərin düşüncə tərzinin təzahürü kimi qiymətləndirilir. Ermənistan tərəfinin uşaq müsabiqəsində belə ən minimal etik davranışdan imtina etməsi, bir çoxları üçün Xocalı faciəsindən bəri dəyişməyən münasibətin simvolu kimi görünür.

Xocalıda qadınlara, qocalara, uşaqlara qarşı törədilmiş vəhşiliklər hələ də Azərbaycan xalqının yaddaşındadır. Bu yaddaş fonunda bu gün bir uşaq səhnəsində belə azərbaycanlı körpəyə bir xalın belə verilməməsi təsadüf kimi qəbul edilmir.

Sülh ritorikası və real davranış

Rəsmi bəyanatlarda sülhdən, normallaşmadan danışılır. Amma real davranışlar göstərir ki, erməni cəmiyyətində və siyasi mühitində bu düşüncə hələ də köklü şəkildə dəyişməyib. Uşaq müsabiqəsində belə siyasətin kölgəsindən çıxmamaq, sülhə verilən real dəyəri sual altına alır.

Azərbaycan tərəfi bir daha göstərdi ki, humanizm və ədalət yaşdan asılı deyil. Qarşı tərəfin davranışı isə sual doğurur:
Əgər uşaq səhnəsində belə bu düşüncə dəyişmirsə, real sülh üçün nə dəyişməlidir?


MANŞET XƏBƏRLƏRİ